Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 94 illiyi münasibətilə universitetdə “UNEC Günü” qeyd olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, UNEC-dən bildirilib ki, açılış mərasimində çıxış edən inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov müəllim, tələbə və əməkdaşları təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində UNEC-in əməkdaşı, tanınmış karikaturaçı rəssam Seyran Cəfərlinin müxtəlif mövzulara həsr olunmuş karikatura əsərlərinin sərgisi nümayiş olunub.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan sərginin açılışında ölkənin tanınmış rəssamları da çıxış ediblər. Çıxış edənlər karikatura sənətinin özəlliklərindən və Seyran Cəfərlinin bu sahədə qazandığı uğurlardan söz açıblar. Bildiriblər ki, S.Cəfərlinin dünyanın bir çox ölkələrində fərdi sərgiləri təşkil olunub. Onun əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, eləcə də beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafatla təltif edilib və 200-ə yaxın kataloqda əsərləri çap olunub.

S.Cəfərli uzun illərdən bəri çalışdığı universitetin yarandığı gündə sərgisinin təşkil olunmasından qürur hissi duyduğunu ifadə edərək, UNEC rəhbərliyinə və sərginin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Çıxışlardan sonra Seyran Cəfərliyə UNEC rəhbərliyinin təşəkkürnaməsi təqdim edilib.

Universitetin 94 illiyi münasibətilə UNEC-in sosial-ictimai həyatında fəal iştirak etmiş bir qrup müəllim, əməkdaş və tələbə, eləcə də UNEC Tədqiqat mərkəzlərinin tədqiqatçıları təşəkkürnamələrlə təltif olunublar.

Tədbir UNEC Yaradıcılıq Mərkəzinin rəqs və vokal qruplarının ifasında bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə