İkinci cəhd imtahana qeydiyyat başa çatıb

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat müddəti ötən gecə yekunlaşıb. Qəbul imtahanlarının 2-ci cəhdində iştirak ödənişlidir. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə biliblər. SİA-nın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, qəbul imtahanlarının 2-ci cəhdində qeydiyyatdan keçən abituriyentlərin sayı 66 567 nəfər təşkil edir.

Bunlardan 22 898 nəfəri I ixtisas qrupu, 17 434 nəfəri II ixtisas qrupu, 21 196 nəfəri III ixtisas qrupu, 5 039 nəfəri IV ixtisas qrupu üzrə imtaha verəcək.

Qeydiyyatdan keçənlərin 59 894 nəfəri Azərbaycan, 6 673 nəfəri rus bölməsinin abituriyentləridir.

Bəs qəbul imtahanlarının 2-ci cəhdində iştiraka görə DİM-ə ümumi ödəniş nə qədər təşkil edib?

Əgər qeydiyyatdan keçən bir abituriyentin ödənişinin 40 manat olduğunu nəzərə alsaq, onda ümumilikdə 2 662 680 manat toplandığını qeyd edə bilərik.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanların 2-ci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə