İllər sonra Laçın şəhərində son zəng sevinci

Bu gün Laçın şəhərində də son zəng sədaları eşidildi. Bu zəng sədaları həm də sevinclərə səbəb oldu. Çünki Laçında sonuncu dəfə 1991-ci ildə son zəng çalınmışdı.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi, Laçın şəhər 2 nömrəli tam orta məktəbində də son zəng günü qeyd edilib. Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin rəsmisi Qalib Abasov, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, məktəb kollektivi, valideynlər, həmçinin digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edənlər məktəb kollektivini təbrik ediblər. Qeyd edilib ki, illər sonra Laçında daha bir tarixi günə şahid olmaq qürurverici hissdir. 30 ildən çox işğal altında qalarkən dağıdılan yurd yerlərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun sayəsində azad edilib və yenidənqurma işləri nəticəsində bu yerlərə həyat qayıdıb.

Bildirilib ki, işğaldan azad olunan ərazilərdə digər təhsil ocaqları da yenidən qurulacaq və həmin məktəblərdə də bilik günləri, son zəng günləri qeyd ediləcək. Çıxışlardan sonra məktəblilərin ifasında musiqilər səsləndirilib və şagirdlərin rəqs nümunələri izlənilib.

Qeyd edək ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbində hazırda 110-dan çox şagird təhsil alır və 2023-2024-cü tədris ili üzrə məktəbin 4 məzunu var.

Bütün xəbərlər Facebook səhifəmizdə