“Xaricdə təhsil alan şəxslərin orta məktəblərdə dərs keçməsini təmin etməliyik” - EKSPERT FİKİR BİLDİRDİ
“Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird, həmçinin ali təhsilin müxtəlif pillələrində isə 240 minə yaxın şəxs təhsil alır. Yəni təhsil prosesinin iştirakçıları kifayət qədər çoxdur. Əlbəttə ki, müasir dövrün tələblərindən biri də tədrisin təşkilində innovativ yeniliklərin, həmçinin informasiya texnologiyalarının tətbiqidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Ekspert bildirib ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində təhsilin məzmununda, qiymətləndirilməsində mütləq şəkildə texnologiyalardan istifadə olunur: “Artıq bu gün süni intellekt təhsilin bütün pillələrinə tətbiq edilir. Etiraf edək ki, Azərbaycanda bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Baxmayaraq ki, Elm və Təhsil Nazirliyi son üç il ərzində bu istiqamətdə ciddi işlər görür. Elm və Təhsil naziri Emin Əmrullayevin xüsusi yanaşması ilə orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə kompyuterlərin verilməsi istiqamətində ciddi addımlar atılıb. Şagird başına düşən kompyuter sayında mühüm irəliləyiş var. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda mütləq şəkildə təhsilin bütün pillələrində texnologiyadan istifadə olunmalıdır.
Bu prosesin tərkib hissəsi, həm də təhsilverənlər, yəni müəllimlərdir. Bu gün ölkənin orta məktəblərində 150 min müəllim var. Çox təəssüflər olsun ki, onların müəyyən bir qismi informasiya texnologiyalarından da o qədər də istifadə edə bilmirlər. Pandemiya dövründə dərslər onlayn keçirildi və müəllimlər qiymətləndirmə, tədrisin təşkilini texnologiyadan istifadə edərək həyata keçirdilər. Amma bundan sonra da bu istiqamətdəki problemlər davam etdi.
Bu gün Azərbaycandan kənarda dövlət proqramı çərçivəsində təhsil alan kifayət qədər gənc var. Ölkə Prezidentinin 2007-2015-ci illərdəki xaricdə təhsil proqramı, həmçinin 2022-2026-cı illərdəki təhsil proqramları ilə azərbaycanlı gənclər xaricə gedərək, orada təhsil alırlar. Çox təəssüf ki, həmin şəxslər ölkəyə qayıtdıqdan sonra orta məktəblərdə fəaliyyət göstərmirlər. Yəni, bu gün Azərbaycan məktəbində xaricdə təhsil alıb, gəlmiş gənclər demək olar ki, yox dərəcəsindədir. Nəzərə almalıyıq ki, onların texnoloji bilikləri daha çoxdur və biz onları orta məktəblərə qəbul etməliyik. Dövlət həmin şəxslər üçün kifayət qədər vəsait xərcləyib. Yəni, xaricdə təhsil alan şəxslərin heç olmasa ayda bir dəfə orta məktəblərdə dərs keçməsini təmin etməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB