Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndə heyəti BANM-də - FOTOLAR

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Qara Dəniz Universitetləri Şəbəkəsinə (BSUN) üzv olan 20 Azərbaycan universitetinin nümayəndələrinin görüşü olub. BANM-dən SİA-ya bildirilib ki, tədbirə ev sahibliyi etməkdən məmnunluq hissi keçirdiyini deyən rektor Elmar Qasımov görüşün əhəmiyyətindən danışıb. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində universitet nümayəndələrinin öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin önəmini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın malik olduğu imkanların təqdimatı üçün bu beynəlxalq konfransdan mümkün qədər faydalanmaq lazımdır.

Qara Dəniz Universitetləri Şəbəkəsinin prezidenti və Buxarest Universitetinin rektoru Marian Preda, baş katibi Eden Mamut, habelə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış ediblər.

Daha sonra BSUN-un fəaliyyətinə dair təqdimat edilib, iqlim dəyişikliklərinin təsirinin azaldılması ilə bağlı görülən işlərdən danışılıb. Eləcə də qurum tərəfindən COP29 çərçivəsində tədbirin keçirilməsi təklifi müzakirə olunub. “Qara Dəniz Regionu üzrə Rektorların 16-cı Konfransı” ilə bağlı geniş məlumat verilib.

Görüş zamanı Türkiyənin İstanbul Universitetinin nümayəndələri ilə onlayn bağlantı təşkil olunub. Auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.

Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Marian Predaya “Fəxri qonaq” plaketini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə