“Təlimlər nəticəsində müəllimlərdə yeni bilik və bacarıqlar formalaşacaq” - TƏHSİL EKSPERTİ DANIŞDI

“Azərbaycan müəllimləri ilk dəfə bilik və bacarıqlarının qiymətləndirilməsinə 2014-2018-ci illərdə diaqnostik imtahanlarla cəlb olunublar. O zaman məlum oldu ki, bizim 50 faizə yaxın müəllim ixtisası üzrə çox zəif bilik və bacarıqlara malikdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

K.Əsədov bildirib ki, hər il keçirilən MİQ imtahanları müəllimlərin bilik və bacarıqlarının keyfiyyətinin artırılmasına öz müsbət təsirlərini göstərdi: “Təbii ki, 2023-cü ildən etibarən başlanılan sertifikasiya prosesi Azərbaycan təhsilinə çox müsbət təsir göstərdi. Məlum oldu ki, uzun müddət ərzində təhsil müəssisələrində çalışmasına baxmayaraq, müəllimlər arasında öz ixtisası ilə bağlı təkmilləşməyə getməyən müəllimlər var. Bu da təhsil üçün ciddi problemdir. Buna görə də sertifikasiya imtahanları bilik və bacarıqları zəif olan müəllimləri müəyyənləşdirməyə imkan verdi. Hesab edirəm ki, həmin müəllimləri birdən-birə sistemdən çıxarmamalıyıq. Bu səbəbdən də Azərbaycan Respublikası Təhsil İnstitutunun nəticəsi zəif olan müəllimləri təlimləri cəlb etməsi təkmilləşməyə imkan verir. Bu təlimlər nəticəsində müəllimlərdə yeni bilik və bacarıqlar formalaşacaq. Həmçinin onlar öz ixtisasları ilə bağlı yeni funksiyalara yiyələnəcək. Bu baxımdan keçirilən təlimlərin əhəmiyyəti böyükdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə