“Yeni imtahan korpusunda gün ərzində təxminən 1700 nəfər imtahan verə biləcək“ - Məleykə Abbaszadə

“Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusu imtahanların keçirilməsi, bilik və bacarığın qiymətləndirilməsində yeni addımdır. Bu korpusda yaradılan texnoloji imkanları istifadə edib, imtahanları daha yaxşı mühitdə keçirmək üçün rahat, təhlükəsiz mühit yaratmışıq”. SİA xəbər verir ki, bu sözləri DİM-in yeni imtahan binasına mediatur zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, burada istifadə olunan texnologiyalar imkan verəcək ki, respublikada keçirilən elektron imtahanlar buradan idarə olunsun: “Yeni imtahan korpusunda hər bir sessiyada ən azı 850 nəfər imtahan verə biləcək. Bu o deməkdir ki, gün ərzində təxminən 1700 nəfər imtahan verə biləcək. İndiyə qədər keçirilən 45 imtahandan 21-i elektron imtahandır.

Bundan sonra işəqəbul imtahanlarının hər biri elektron formada olacaq. Bu il ərzində kontengenti 2000-dən az olan bütün imtahanlar bir gün ərzində bu binada keçiriləcək. Növbəti addım isə kontengenti 10 mindən az olan bütün imtahanların burada keçirilməsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə