Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsində ölkəmizi ADA Universiteti təmsil edib - FOTOLAR

ADA Universitetinin informasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri Ayxan Ağayev, İbrahim Tağızadə və Ülvi Aslanlıdan ibarət Azərbaycan komandası 14-19 aprel tarixlərində Beynəlxalq Kollegial Proqramlaşdırma (“ICPC - International Collegiate Programming Contest 46”, “ICPC 47”) müsabiqəsinin finalında iştirak edib. SİA xəbər verir ki, builki müsabiqənin unikallığı ICPC 46 və ICPC 47-nin pandemiyadan dolayı eyni vaxtda təşkil edilməsidir.

ADA Universitetinin professor-müəllim heyətinin üzvləri Fuad Hacıyev və Mixaylo Medvediyevin rəhbərlik etdiyi Azərbaycan komandası 2022-ci il iyulun əvvəlində baş tutan super-region yarımfinalında əldə etdiyi nəticəyə görə final mərhələyə yüksəlib.

Azərbaycan komandasının final mərhələsinə yüksəlməsi müsabiqənin tarixində bir ilkdir. 170 universitetdən 254 komanda ilə mübarizə aparan Azərbaycan komandası 4 məsələni həll edib.

Qeyd etmək lazımdır ki, ICPC finallarında iştirak etməklə yanaşı, ADA Universitetinin komandası ICPC 46-47-nin əlavə tədbiri kimi keçirilən “Huawei Challenge”də iştirak edib. Komanda 247 komanda ilə mübarizə apararaq, 136-cı yerdə qərar tutub. Bundan əlavə, ADA Universitetinin nümayəndə heyətinin rəhbəri Fuad Hacıyev Azərbaycan regionu üzrə direktor Etibar Seyidzadə və Texniki Direktor Rauf Süleymanlı ilə birlikdə ICPC regional nümayəndələrinin illik toplantılarında Azərbaycan regionunun baş hakimi kimi iştirak edib.

Fuad Hacıyev “ADA Universiteti komandasının nailiyyəti Azərbaycan proqramlaşdırma ictimaiyyətinin nailiyyətidir”,- deyə qeyd edib.

Azərbaycan nümayəndə heyətinin final səfəri “Technest” layihəsi çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsi (ICPC) 1977-ci ildən bəri mütəmadi olaraq keçirilir. Hər il dünyanın 100-dən çox ölkəsində 3000-dən çox nüfuzlu universitetdən 50000-dən çox tələbə (16000-dən çox komanda) müsabiqənin seçim mərhələlərində iştirak edir.

Azərbaycan ali məktəblərinin komandaları 2000-ci ildən bu yarışda iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə