"Şagird həyatının 11 ilini yalnız məktəb standartları ilə yaşamağa məhkumdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ev tapşırığının verilməsi və yoxlanılması orta ümumtəhsil müəssisələrində qiymətləndirmə prosesinin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, uşağa ev tapşırığı iki səbəbdən verilir: "Birinci, keçilən mövzu tam olaraq mənimsənilsin. İkincisi, qiymətləndirmə aparılsın.

Ev tapşırığının ləğv edilməsi haqqında danışmaq tezdir. Onun mənfi və müsbət tərəfləri haqqında müzakirə aparmaq, ümumiyyətlə, uyğun görünmür. Çünki bu, sıradan hadisə deyil. Bu gün orta ümumtəhsil müəssisələrində ev tapşırığını ləğv etmək üçün bizim təhsilimizdə başqa forma getməlidir. Təhsil sistemi birbaşa şəxsiyyətyönümlü mexanizmlə işləməlidir. Kurikulumun standartlarında var. Bu, hələ ki, kağız üzərində qalıb. Biz hələ də ənənəvi və klassik təhsil standartlarından kənara çıxmadığımız üçün ev tapşırığının məktəblərdə ləğv edilməsi barədə danışmaq absurd olar.

Orta məktəblərimizdə qiymətləndirmə və ev tapşırığı yığışdırılsa, yaxşı olar, gələcəkdə yığışdırılacaq da. Təhsil həmişə öz mahiyyətinə qayıdır. Qiymətləndirmə rəqabət yaratmaq mexanizmi kimi yaxşıdır. Amma dünyanın təhsil standartları baş cürdür. Bir çox ölkələrdə qiymətləndirmədən imtina ediblər. Məsələn, Skandinaviya ölkələri, Böyük Britaniya və sair. Doğrudur, bu ölkələrin hamısı birbaşa imtina etməyiblər. İsveçdə 6-cı sinfə qədər qiymətləndirmə yoxdur. Buna zərurət də yoxdur. Çünki təhsilin missiyası axarında gedir. Həmçinin Finlandiya məktəblərində ev tapşırığı deyilən anlayış uzun illərdir ki, yoxdur. Verilən problem, məsələnin qoyuluşu tədris prosesində öz əksini tapır. Bu, hələ real görünmür. Bizə uyğun deyil. Gələcəkdə hamıya məlum olacaq ki, ev tapşırığının hazırlanması o qədər də vacib deyil. Ən vacibi şagirdlərin dərsdə məzmun, həyati tətbiq etibarilə nələri qazandılar, təhsilin onlara nə verməsidir".

"Necə olur ki, dünyanın inkişaf etmiş ölkələrində ev tapşırığı var? Hətta şagirdi yükləmiş şəkildə bu, davam edir. Məsələn, Koreya və Sinqapur məktəblərində hələ də var. Ordakı ev tapşırıqları da bizim bildiyimiz ev tapşırığı deyil. Onlarda ev tapşırığı tətbiq elementlərinin davamı kimi həll olunur. Bu, tədqiqatçılıq istiqamətindədir. Hətta bəzi yerlərdə ixtira, ən əsası analitik yanaşma istiqamətindədir.
Yaxın illərdə ev tapşırığının ləğv edilməsi məsələsini, qiymətləndirmədə hansısa dəyişikliyin olması məsələsini gözləyə bilmərik. Hələ buna toplum olaraq hazır deyilik. Geridə qaldığımız üçün yox, yanaşmamız buna imkan vermir.

Uşaqların günlük qrafiki məktəbdən gəlib, yemək yeyib, istirahət edib səhərki dərsə hazırlaşmaqdır. Bu hal o qədər standart hala çevrilib ki, artıq şagird həyatını başqa cür təsəvvür etmək mümkün deyil. Bir şagird şəxsiyyətyönümlü məzun çalarlarını dərs müddətində də qavraya bilər. Dərs vaxtının öz inkişaf proqramı olmalıdır, dərsdən sonranın da öz inkişaf proqramı olmalıdır. Evdə dərs proqramı dünyagörüşünün, məntiq bacarığının, intellektual inkişafın artırılması kimi olmalıdır. Biz şagirdi şəxsiyyət olmağa icazə vermirik. Biz şagirdi şagird mərtəbəsindən çıxmağa qoymuruq. Şagird həyatının 11 ilini yalnız məktəb standartları ilə yaşamağa məhkumdur. Bu, illərlə belə davam edir. Təbii ki, hamıya aid deyil. Şükürlər olsun ki, indi bir çox ailələrdə uşağın əlavə inkişaf bacarıqları üçün addımlar atılır. Amma biz çoxluğu da nəzərə almalıyıq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə