Kimyaçıların əmək haqları son 4 ayda 63.1 faiz artıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) struktur tərkibinə daxil olduqdan sonra "Azərikimya" İB-də əməkçilərin sosial-məişət şəraitində ciddi dönüş yaradılmağa başlanıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qısa müddət ərzində Birlikdə çalışanların orta aylıq əmək haqqı 216,3 manatdan (aprel ayında) 352,8 manata (iyul) yüksəlib. Bu isə son 4 ayda əmək haqqının 63,1 faiz artması deməkdir. Təqdirəlayiqdir ki, fəhlələrin aylıq maaşı daha çox- 66,1 faiz artırılaraq 192,5 manatdan 319,7 manata çatdırılıb.

Birlikdə çalışan mütəxəssislərin fərdi kompüterlə təmin olunması isə işçilərin əməyini yüngülləşdirib, onların informasiya texnologiyalarından yararlanmasına, vəzifə funksiyalarını operativ və keyfiyyətlə yerinə yetirməsinə, işin səmərəliliyinin artmasına səbəb olub. Kimyaçıların əməyinin mühafizəsi və onlar üçün təhlükəsiz iş şəraiti yaradılması məsələləri də diqqətdən kənarda qalmayıb. İstehsalatda çalışan bütün işçilər ilk növbədə qoruyucu dəbilqə, xüsusi dizayna malik münasib iş paltarı və ayaqqabılarla təmin edilib, iş yerlərindəki xidmət meydançaları və s. təmir olunub, yenidən qurulub. ARDNŞ-nin digər strukturlarında olduğu kimi "Azərikimya" İB-də may ayından başlayaraq bütün işçilərin hər bir iş günü üçün yemək xərcləri bilavasitə Birlik tərəfindən ödənilməyə başlanılıb. Müəyyən qədər ağır və zərərli sahələrdə çalışan kimyaçılar üçün çoxillik fasilədən sonra yenidən gündəlik olaraq süd və süd məhsulları verilməsi də kollektiv tərəfindən rəğbətlə qarşılanıb.

Müəssisələrdəki fəhlə yeməkxanaları, eləcədə baş ofisdə bir-çox illər istifadəsiz qalan yeməkxana təmir olunub, müasir iaşə avadanlıqları ilə təmin edilib. Bununla yanaşı, işə gedib-gələrkən işçilərin nəqliyyat sarıdan bir-çox problemlərlə üzləşdiyi də nəzərə alınıb. Onların rahatlığı üçün Birliyin Nəqliyyat İdarəsinə hər biri 25 yerlik olmaqla kondisioneri və isitmə sistemi olan 4 müasir tipli yeni sərnişin avtobusu gətirilərək, xəttə buraxılıb. Eyni zamanda kimya müəssisələrinə gedən yolun illərlə narahatçılıq doğuran böyük bir hissəsi əsaslı təmir edilib. Kimyaçıların sağlamlığının qorunması və fiziki möhkəmliyinin artırılması da ARDNŞ-nin diqqət mərkəzindədir. Qısa bir dövr ərzində müxtəlif idman yarışları və zavodlararası spartakiada, uşaqlar üçün top festivalı keçirilib, bütünlüklə sumqayıtlı gənclərdən ibarət olan "Sumqayıt" futbol komandası yaradılıb.

İşçilərin istirahəti və müalicəsi üçün dəyərinin böyük hissəsi "Azərikimya" İB tərəfindən ödənilməklə respublikanın müxtəlif istirahət zonalarına onların yay istirahəti təşkil olunub. Sentyabrda isə müasir tibb avadanlığı, təcili tibbi yardım maşınları və digər vasitələrlə təmin olunacaq yeni təcili yardım stansiyası – Mərkəzi Neftçilər Xəstəxanasının Sumqayıt şöbəsi fəaliyyətə başlayacaq. Keçən dövr ərzində "Azərikimya" IB-nin dəstəyi ilə kimyaçılar və Sumqayıt sakinlərinin mədəni istirahəti də yüksək səviyyədə təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə