ABŞ səfiri: " "Şahdəniz-2" Azərbaycanın regionda lider ölkə mövqeyini möhkəmlədəcək"

" "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması əsasında Cənubi Qaz Dəhlizi reallığa çevrilir". SİA xəbər verir ki, bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Riçard Morninqstar Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşü zamanı çıxış edərkən belə deyib.

Onun sözlərinə görə, ABŞ bu sazişin imzalanmasına çox sevinib: "Çünki bu sazişin imzalanması 10 ildir ki, apardığımız diplomatik danışıqların yekun qərarıdır. "Şahdəniz-2" Azərbaycana, o cümlədən Cənubi Avropaya, Balkan yarımadasının beş ölkəsinə, Türkiyəyə və Gürcüstana böyük fayda gətirəcək layihədir. Layihə ilk növbədə Azərbaycanın regionda lider ölkə mövqeyini möhkəmlədəcək, müstəqilliyinin və suverenliyinin davam etməsinə təkan verəcək. Xəzərin mavi yanacağının beynəlxalq bazara çıxması regionun enerji təchizatında böyük rol oynayacaq".

Səfir "Şahdəniz -2" layihəsinin baş tutmasında ABŞ-ın maraqlı tərəf kimi çıxış etməsində 3 mühüm səbəb olduğunu deyib: "Bunlardan birincisi layihə çərçivəsində Azərbaycanın və Gürcüstanın suverenliyinin təmin olunmasıdır. Digər bir səbəb "Şahdəniz-2"nin qlobal enerji təchizatını həyata keçirməsidir. Üçüncü səbəb isə ABŞ-ın layihəni Cənubi Qaz Dəhlizini reallaşdırmaq üçün vasitə kimi görməsidir".

Azərbaycanın möhkəm iradəsinin olduğunu və ölkəmizin qeyri-neft sektorunda bir sıra addımlar atdığını diqqətə çatdıran Riçard Morninqstar bildirb ki, layihə çərçivəsində Azərbaycan təbii resurslarından düzgün istifadə etsə, iqtisadiyyatının istiqamətini qeyri-neft sektorunun inkişafı sahəsinə dəyişə bilər.

Qeyd edək ki, bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Riçard Morninqstarın görüşü keçirilib. Görüş "Azərbaycan-Amerika münasibətlərinin genişləndirilməsi, həmçinin Azərbaycanda Amerika şirkətlərinin və eləcə də ABŞ-da Azərbaycan şirkətlərinin fəaliyyətinin genişlənməsi imkanlarının müzakirəsi" mövzusunda baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə