“Valyuta gəlirlərinin çoxalması milli valyuta olan manatın məzənnəsinə də təsir edir” - EKSPERT DANIŞDI

“Dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına ilk mərhələdə əsasən müsbət təsir göstərir. Azərbaycan neft ixrac edən ölkə olduğuna görə qiymət artımı ölkəyə daxil olan xarici valyuta axınını artırır. Bu da dövlət büdcəsinin gəlirlərinin çoxalmasına səbəb olur, çünki ölkə büdcəsində neft və qaz sektorunun xüsusi payı var. Artan gəlirlər nəticəsində dövlət sosial layihələrə, infrastrukturun yenilənməsinə və digər iqtisadi proqramlara daha çox maliyyə yönəldə bilir”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, neftin bahalaşması ölkənin strateji valyuta ehtiyatlarının da artmasına şərait yaradır:

”Xüsusilə Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən toplanan maliyyə ehtiyatları genişlənir. Bu ehtiyatlar iqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır və gələcəkdə yarana biləcək iqtisadi risklərə qarşı ölkə üçün maliyyə təminatı hesab olunur.

Valyuta gəlirlərinin çoxalması milli valyuta olan manatın məzənnəsinə də təsir edir. Neft satışından əldə olunan dollar gəlirlərinin artması manatın daha sabit qalmasına, bəzi hallarda isə möhkəmlənməsinə səbəb ola bilər. Bu vəziyyət idxal məhsullarının qiymətində kəskin artımın qarşısını almağa və inflyasiya təzyiqlərini azaltmağa kömək edir.

Bununla yanaşı, uzunmüddətli dövrdə neft qiymətlərinin yüksək olması müəyyən təhlükələr də yarada bilər. Əgər iqtisadiyyat əsasən neft gəlirlərinə bağlı qalarsa, qeyri-neft sektorlarının inkişaf tempi zəifləyə bilər. Bu isə iqtisadiyyatda resurs asılılığını artırır və gələcəkdə neft qiymətləri azaldıqda iqtisadi sabitliyə mənfi təsir göstərə bilər.

Bu səbəbdən uzunmüddətli dövrdə əsas hədəf neft gəlirlərindən düzgün və səmərəli istifadə etmək, qeyri-neft sektorunu gücləndirmək və iqtisadiyyatı daha şaxəli formaya gətirməkdir. İqtisadiyyat müxtəlif sahələr üzrə inkişaf etdikdə neft qiymətlərində baş verən dəyişikliklərin ölkəyə təsiri daha zəif olur və iqtisadi sabitlik daha dayanıqlı şəkildə qorunur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə