Bakıda Həsən Əliyev küçəsi ilə Koroğlu metro stansiyasını birləşdirən yeni yol layihəsi icra olunur - Fəriz Əzizov

Dövlət proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 26 iri yol infrastrukturu layihəsinin icra edildiyi və bir neçəsində artıq aktiv tikinti işlərinin aparıldığı bildirilib.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Şəhərsalma müəssisəsinin nümayəndəsi Fəriz Əzizov WUF13 çərçivəsində keçirilən “Bakı 2040 Baş Planı: şəhərsalmanın yeni mərhələsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, mühüm layihələrdən biri Biləcəri–Kürdəxanı–Şamaxı avtomobil yoludur. Bu yol M1 Bakı–Quba magistralını M4 Bakı–Şamaxı magistralı ilə birləşdirərək şəhər mərkəzinə daxil olmadan nəqliyyat axınının təmin edilməsinə imkan yaradacaq.

Layihənin 29 kilometr uzunluğa, 6 hərəkət zolağına malik olduğu, burada 9 yol qovşağı, 13 estakada, tunellər və piyada keçidlərinin inşa edildiyi bildirilib.

Fəriz Əzizov vurğulayıb ki, layihə tıxacların azaldılması, logistikanın sürətlənməsi, vaxt itkisinin minimuma endirilməsi və ekoloji yükün azalmasına xidmət edəcək.

Digər mühüm layihə kimi Akademik Həsən Əliyev küçəsi ilə Koroğlu metro stansiyası arasında yeni yol bağlantısının yaradılması qeyd olunub.

Onun sözlərinə görə, hazırda təxminən 50 faiz icra olunmuş bu layihə çərçivəsində 4 tunel, yeraltı piyada keçidi və fasiləsiz hərəkəti təmin edən infrastruktur həlləri nəzərdə tutulur.

Layihənin məqsədinin şəhər daxilində alternativ nəqliyyat əlaqələri yaratmaq və əsas prospektlər üzərindəki yükü azaltmaq olduğu bildirilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə