"Bakı ətrafı göllərin təmizlənməsi üzrə genişmiqyaslı layihə başlanır" - Nazirlik nümayəndəsi

Bakıda şəhər infrastrukturunun yaxşılaşdırılması və tullantıların idarə olunması istiqamətində yeni layihələrin icrası planlaşdırılır.

SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin rəsmisi Günel Quliyeva WUF13 çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, 2025-ci ildə İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında “Yaşanıla bilən Bakı” layihəsi üzrə kredit sazişi imzalanıb. Layihənin əsas məqsədi şəhər infrastrukturunun dəstəklənməsi, ictimai məkanların bərpası və yaşayış infrastrukturunun yaxşılaşdırılmasıdır.

Günel Quliyeva qeyd edib ki, layihənin əsas komponentlərindən biri Bakı ətrafındakı göllərin, o cümlədən Xocasən gölünün təmizlənməsidir.

Onun sözlərinə görə, eyni zamanda bərk məişət tullantılarının idarə olunması sahəsində də mühüm tədbirlər nəzərdə tutulur: Abşeronda bir poliqonun, Qobustan, Şamaxı və digər ərazilərdə isə dörd ötürücü məntəqənin tikintisi planlaşdırılır.

Rəsmi əlavə edib ki, layihə çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində də işlər aparılacaq və beynəlxalq ekspertlərlə əməkdaşlıq genişləndirilir.

WUF13-ün dördüncü günündə keçirilən müzakirələrdə qlobal şəhərsalma çağırışları, dayanıqlı urbanizasiya və ekoloji problemlərin həlli mövzuları da diqqət mərkəzində olub.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə