“Kuryer xidmətində yeni qaydalar qiymət artımı və müvəqqəti azalma yarada bilər“ - EKSPERT DANIŞDI
“A1 kateqoriyalı sürücülük vəsiqəsi, qeydiyyat və dövlət nömrə nişanının tələb olunması ilkin mərhələdə əlavə xərc və vaxt itkisi yaradır”.
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, bu vəziyyət xüsusilə gündəlik qazancını mopeddən əldə edən kuryerlər və çatdırılma xidməti ilə məşğul olan şəxslər üçün qısamüddətli çətinliklərə səbəb ola bilər. Əmək bazarında təsir daha çox çatdırılma sektorunda hiss olunacaq. Sənədləşmə xərclərini qarşılaya bilməyən və ya prosedurdan keçmək istəməyən bəzi sürücülər bazardan müvəqqəti və ya tamamilə uzaqlaşa bilər. Bu isə təklifin azalmasına, nəticədə xidmət göstərənlərin sayında qısa müddətli azalmaya gətirib çıxara bilər. Bununla belə, qaydaların sərtləşdirilməsi sektorda daha rəsmi və təhlükəsiz mühit yarada, uzunmüddətli perspektivdə isə peşəkarlıq səviyyəsini artıra bilər.
Həmçinin, bu qərarın kuryer xidmətlərinin qiymətlərinə təsir etmə ehtimalı yüksəkdir. Çünki sürücülük vəsiqəsinin alınması, qeydiyyat xərcləri və texniki tələblər xidmətin maya dəyərini artırır. Əgər bazarda kuryerlərin sayı azalarsa, bu da qiymətlərə təzyiq göstərəcək. Qısa müddətdə çatdırılma qiymətlərində təxminən 5–15 faiz arası artım gözlənilir. Artımın konkret səviyyəsi isə bazardakı rəqabətdən, platformaların qiymət siyasətindən və sürücülərin yeni qaydalara nə qədər tez uyğunlaşmasından asılı olacaq. Ümumilikdə, bu qərar ilkin mərhələdə qiymət artımı və bazarda daralma yarada bilər, lakin uzun müddətdə daha nizamlı və təhlükəsiz nəqliyyat mühitinin formalaşmasına şərait yarada bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB