“Qiymət artımı əsasən bayramla əlaqədar olan bütün məhsullara təsir edir” -EKSPERT DANIŞDI

“Bayram ərəfəsində qiymətlərin artmasının bir neçə əsas səbəbi var. Ən başlıca səbəb süni qiymət artımıdır. Satıcı bilir ki, bayram ərəfəsində alıcı məhsulu almağa məcburdur, ona görə də qiymətləri artırır”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, digər səbəb isə gələcəkdə əmək haqqı, təqaüd və müavinətlərin artımı ilə bağlıdır. Satıcılar bu artımı öncədən nəzərə alaraq qiymətləri 20 gün qabaq qaldırırlar. Həmçinin, mövsümi səbəblər də rol oynayır. Məsələn, bəzi meyvə və tərəvəz məhsulları ya parnikdə yetişdirilir, ya da anbarlarda saxlanılır və indi satışa çıxarılır.

Qiymət artımı əsasən bayramla əlaqədar olan bütün məhsullara təsir edir; bəzi məhsullarda az, bəzilərində isə çox olur.

Son illərdə maraqlı bir nüans müşahidə olunur: alıcı bahalıqdan, satıcı isə müştəri qıtlığından şikayət edir. Bayram ərəfəsində süni qiymət artımı alıcıları ənənəvi süfrə adətindən uzaqlaşdırıb. İnsanlar artıq bayramı restoran və kafelərdə qeyd etməyə üstünlük verirlər. Məsələn, 4 nəfərlik ailə üçün bayram süfrəsini qurmaq üçün minimum 250 manat tələb olunur, halbuki 4 nəfərlik kabab setinə 65–75 manat ödəmək kifayətdir.

Əvvəllər bayramlarda qohum və yaxınlar çox gəlirdi, süfrədə müxtəlif təamlar olurdu. İndi isə həm qohumluq ənənəsi zəifləyib, həm qiymətlər yüksəkdir, həm də hər kəs bayramı yalnız ailəsi ilə keçirir. Bayramdan sonra yuma, toz-torpaq işləri isə artıq problem yaratmır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə