“Güzəştli ipoteka mexanizminin effektiv işləməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir“ -EKSPERT DANIŞDI
“Azərbaycanda vətəndaşların mənzil əldə etmək imkanlarını artırmaq məqsədilə xüsusi İpoteka Fondu yaradılıb. Bu fond vasitəsilə həm güzəştli ipoteka kreditləri təqdim olunur, həm də sosial həssas qrupların mənzilə çıxışını asanlaşdırmaq üçün kirayə mənzil proqramı tətbiq edilir”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, Lakin müqayisəli təhlillər göstərir ki, ölkəmizdə bu sistem hələ də arzu olunan səviyyədə effektiv fəaliyyət göstərmir:
”Məsələn, Türkiyə kimi regional ölkələrdə ipoteka kreditlərinin faiz dərəcəsi 0,5–2% aralığında olur, Azərbaycanda isə ən aşağı faiz 4%-dir. Bu fərq, əsasən, əhalinin ödəmə qabiliyyəti, gəlirlərin rəsmi təsdiqi və digər risk faktorları ilə bağlıdır. Lakin ən böyük problem mənzil bazarındakı yüksək qiymətlərdir. Real hesablamalara görə, bəzi ərazilərdə 1 kvadrat metr mənzilin maya dəyəri 600 manat olsa da, satış qiyməti 2500–3000 manatadək yüksəlir. Bu uyğunsuzluq həm bazar şərtləri, həm də tikinti xərclərinin süni şəkildə artırılması ilə bağlıdır.
Güzəştli ipoteka mexanizminin effektiv işləməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Ən önəmlisi, mənzil qiymətləri real iqtisadi göstəricilərə uyğunlaşdırılmalı və süni bahalaşmanın qarşısı alınmalıdır. Məsələn, Əhmədli metrosu ətrafında 1 kvadrat metr mənzilin 2500 manat qiymətə satılması iqtisadi baxımdan əsaslandırıla bilməz; real maya və satış dəyəri 500–600 manat civarında olmalıdır. Bazar reallıqları şəffaflaşdırıldıqda və qiymətlər normallaşdırıldıqda, güzəştli ipoteka paketləri daha geniş kütlələr üçün əlçatan olacaq.
İpoteka Fondunun rəsmi məlumatları da sistemin məhdud əhatəsini göstərir. Son 10 ildən çox müddətdə yalnız 52 min nəfər güzəştli ipoteka kreditindən yararlanıb, əlavə olaraq 3–4 min vətəndaş kirayə mənzil proqramına daxil olub. Bu isə ümumi əhali sayının 1%-dən də azdır. Beləliklə, mövcud mexanizm geniş kütlələr üçün yetərincə təsirli deyil və sistemin təkmilləşdirilməsi vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB