“Son illərdə ədviyyatların dadı, ətri və ümumi keyfiyyəti ilə bağlı istehlakçıların narazılığı artıb. Bunun əsas səbəbləri həm obyektiv, həm də subyektiv amillərlə izah oluna bilər”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, ən önəmli amillərdən biri ədviyyatların istehsalı və emalı zamanı keyfiyyət standartlarına hər zaman əməl edilməməsidir:
“Bir çox hallarda istehsalçılar xərcləri azaltmaq üçün yüksək keyfiyyətli xammaldan imtina edir və ya məhsulun həcmini artırmaq məqsədilə kimyəvi qatqılar və konservantlar istifadə edirlər.
Bu, ədviyyatların təbii dad və ətrinin zəifləməsinə, bəzən isə tamamilə itirilməsinə səbəb olur. Keyfiyyətə təsir edən digər mühüm amil saxlama şəraitidir. Yüksək rütubət, normal temperaturun üstündə temperatur və birbaşa işıq məhsulların kimyəvi tərkibini dəyişdirir. Uzun müddət uyğun olmayan şəraitdə saxlanılan ədviyyatlar orqanoleptik xüsusiyyətlərini itirir və bu da istehlakçı məmnuniyyətini azaldır.
İdxal olunan ədviyyatlarda da problem müşahidə olunur. Xarici bazarlardan gətirilən məhsullar bəzən uzunmüddətli daşınma, qeyri-müvafiq saxlama və kütləvi istehsal səbəbindən yerli bazarın keyfiyyət tələblərinə cavab vermir. Nəticədə, bazara çıxarılan ədviyyatlar istehlakçıların gözləntilərini qarşılamır.
Bundan əlavə, nəzarət mexanizmlərinin yetərincə effektiv olmaması da vəziyyəti pisləşdirir. Dövlət və müstəqil qurumların yoxlamaları bəzən sistemli olmur və məhsulların üzərində göstərilən məlumatlar həmişə real keyfiyyəti əks etdirmir.
Qida təhlükəsizliyi baxımından isə risklər daha ciddi olur. Ədviyyatların düzgün saxlanmaması və daşınması zamanı mikroorqanizmlərlə çirklənmə, həmçinin pestisid və sintetik maddələrin istifadəsi istehlakçılar üçün sağlamlıq problemləri yarada bilər. Bu səbəbdən ədviyyat bazarında keyfiyyətə nəzarətin gücləndirilməsi və daha sərt standartların tətbiqi zəruridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB