Rublun zəifləməsi Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? - İQTİSADÇI AÇIQLADI

Rusiyada dolların 80 rubl həddini keçməsi və rublun dəyər itirməsi region ölkələrinin iqtisadiyyatına mümkün təsirləri yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiya ilə iqtisadi əlaqələr, Rusiyada çalışan azərbaycanlıların ölkəyə göndərdiyi pul köçürmələri və manatın məzənnə sabitliyi baxımından bu prosesin nəticələri diqqət mərkəzindədir. Bəs, rublun zəifləməsi Azərbaycan iqtisadiyyatı üçün daha çox risk, yoxsa yeni imkanlar yarada bilər?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, rus rublun zəifləməsi region ölkələri üçün, xüsusilə də Rusiya ilə sıx iqtisadi əlaqələri olan dövlətlər üçün mühüm iqtisadi siqnal hesab olunur:

"Azərbaycan üçün bu proses həm müəyyən risklər, həm də məhdud imkanlar yarada bilər və təsirin miqyası əsasən ticarət, pul köçürmələri və valyuta bazarındakı davranışlardan asılı olacaq. İlk növbədə nəzərə almaq lazımdır ki, Russia Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rublun zəifləməsi Rusiyada istehsal olunan məhsulların dollar və digər valyutalar baxımından ucuzlaşmasına gətirib çıxara bilər. Bu isə Azərbaycanın idxal bazarında rus məhsullarının rəqabət qabiliyyətini müəyyən qədər artırır və bəzi hallarda ölkədə inflyasiya təzyiqlərini qismən yumşalda bilər. Lakin digər tərəfdən, rublun ucuzlaşması Azərbaycan məhsullarının Rusiya bazarında nisbətən bahalaşması deməkdir ki, bu da qeyri-neft ixracının müəyyən hissəsinə mənfi təsir göstərə bilər.

Bundan başqa çox önəmli məsələlərdən Rusiyada çalışan azərbaycanlıların ölkəyə göndərdiyi pul köçürmələridir. Rublun dəyər itirməsi həmin köçürmələrin dollar və manat ifadəsində azalmasına səbəb ola bilər. Bu isə xüsusilə regionlarda istehlak xərclərinə və ailə gəlirlərinə müəyyən qədər təsir göstərə bilər.
Manatın məzənnə sabitliyi baxımından isə vəziyyət nisbətən fərqlidir. Azərbaycanın valyuta bazarı əsasən neft gəlirləri və dövlətin valyuta ehtiyatları ilə dəstəklənir. Bu baxımdan AR Mərkəzi Bankı və Dövlət Neft Fondu kimi institutların ehtiyatları manatın kəskin təzyiq altında qalmasının qarşısını almaq üçün mühüm rol oynayır. Buna görə də rublun zəifləməsi birbaşa olaraq manatın məzənnəsinə ciddi təsir göstərən əsas faktor hesab edilmir. Ümumilikdə isə hesab edirəm ki, rublun zəifləməsi Azərbaycan iqtisadiyyatı üçün həm risk, həm də müəyyən imkan elementləri daşıyır. Risklər əsasən ixrac və pul köçürmələrinin azalması ilə bağlıdırsa, imkanlar daha çox ucuz idxal və inflyasiya təzyiqlərinin qismən zəifləməsi ilə bağlı ola bilər. Bununla belə, Azərbaycanın makroiqtisadi dayanıqlığı və yüksək valyuta ehtiyatları bu cür xarici şokların təsirini məhdudlaşdıran əsas amillərdən biri kimi çıxış edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə