Neft qiymətlərində artım: Azərbaycanın büdcəsinə təsiri nə olacaq? - İQTİSADÇI AÇIQLADI
Son dövrlərdə dünya bazarında neftin qiymətində müşahidə olunan artım enerji ixrac edən ölkələr üçün yeni iqtisadi imkanlar yaradır. Azərbaycan da neft və qaz ixrac edən ölkə kimi bu dəyişikliklərdən birbaşa təsirlənir. Büdcə hesablamalarında nəzərdə tutulan neft qiyməti ilə hazırkı bazar qiyməti arasındakı fərq isə əlavə gəlir ehtimalını gündəmə gətirir. Bu vəziyyət həm dövlət büdcəsinin gəlirlərinə təsiri, həm də vətəndaşların gündəlik həyatında bunun nə dərəcədə hiss olunacağı ilə bağlı sualları aktuallaşdırır.
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, neftin dünya bazarındakı qiymətindəki artım Azərbaycanın dövlət gəlirlərinin və valyuta ehtiyatlarının artmasına gətirib çıxarır:
“Çünki nəzərə alsaq ki, Azərbaycan neft hasil edən və ixrac edən ölkədir, nəticə etibarilə neftin daha yüksək qiymətlərlə ixrac edilməsi ölkəyə daha çox valyutanın daxil olması deməkdir. Dövlət büdcəsi gəlirlərinin 43 faizi enerji sektorunun payına düşür. Bu vəsaitin 12,8 milyard manatı Dövlət Neft Fondundan transferlərdir, 3,6 milyard manatı isə birbaşa neft və qaz sektorundan daxilolmalardır. Bu kontekstdə, neftin dünya bazar qiymətindəki artımlar məhz həmin 3,6 milyard manatlıq hissəyə birbaşa təsir göstərəcək.
Təbii ki, maliyyə imkanlarımızın artması dövlət büdcəsinin prioritet istiqamətlərinə, o cümlədən milli təhlükəsizliyin daha da gücləndirilməsinə, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına daha çox vəsait ayrılmasına imkan yaradır.
Sosial təminat tədbirləri hər zaman prioritet olub. Belə ki, 2025-ci ildə neftin dünya bazar qiyməti yüksək olmasa da, cənab Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda 5-ci sosial paket həyata keçirildi və bu paket 3 milyon vətəndaşı əhatə etdi. Ona görə də sosial təminat tədbirləri Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir və 2026-cı il üçün də məhz bu istiqamətdə daha çox vəsaitin ayrılması gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB