“Neft qiymətinin artması Azərbaycan iqtisadiyyatına uzunmüddətli təsir göstərir” -EKSPERT DANIŞDI

“Dünya bazarında neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına qısa müddətdə əsasən müsbət təsir göstərir”.

Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, Azərbaycan neft ixrac edən ölkə olduğu üçün qiymətlərin yüksəlməsi ölkəyə daxil olan valyuta gəlirlərinin artmasına səbəb olur:

”Bu isə dövlət büdcəsinin gəlirlərini artırır, çünki büdcənin böyük hissəsi neft və qaz sektorundan formalaşır. Nəticədə dövlət sosial layihələrə, infrastruktur proqramlarına və müxtəlif iqtisadi sahələrə daha çox vəsait ayıra bilir.

Neft qiymətlərinin artması eyni zamanda ölkənin valyuta ehtiyatlarının çoxalmasına gətirib çıxara bilər. Xüsusilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən toplanan ehtiyatlar artır. Bu ehtiyatlar iqtisadi sabitliyin qorunması üçün vacib rol oynayır və gələcək mümkün iqtisadi risklərə qarşı maliyyə “təhlükəsizlik yastığı” yaradır.

Valyuta gəlirlərinin artması manatın məzənnəsinə də təsir göstərə bilər. Neftdən əldə olunan dollar gəlirlərinin çoxalması manatın daha sabit qalmasına və bəzi hallarda möhkəmlənməsinə səbəb ola bilər. Bu isə idxal olunan məhsulların qiymətinin müəyyən qədər sabit qalmasına kömək edir və inflyasiya təzyiqlərini azalda bilər.

Lakin uzunmüddətli dövrdə neft qiymətlərinin yüksək olması müəyyən risklər də yarada bilər. Əgər iqtisadiyyat həddindən artıq neft gəlirlərindən asılı vəziyyətdə qalarsa, digər sahələrin inkişafı zəifləyə bilər. Bu vəziyyət iqtisadiyyatda “resurs asılılığı” problemini gücləndirə bilər və neft qiymətləri gələcəkdə düşdükdə iqtisadi sabitliyə mənfi təsir göstərə bilər.

Buna görə də uzunmüddətli perspektivdə əsas məqsəd neft gəlirlərindən səmərəli istifadə etmək, qeyri-neft sektorunu inkişaf etdirmək və iqtisadiyyatı şaxələndirməkdir. Belə olduqda neft qiymətlərindəki dəyişikliklər ölkə iqtisadiyyatına daha az təsir edər və iqtisadi sabitlik daha davamlı olar”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə