“İranın iqtisadi addımları regionda etibarlı tərəfdaş olmadığını göstərir“ - EKSPERT DANIŞDI

“İran hökumətinin atdığı addımlar göstərir ki, bu ölkəyə iqtisadi siyasət fonunda da güvənmək olmaz” .

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, İran regionda sabit və etibarlı iqtisadi tərəfdaş olmadığını bir daha təsdiq edir:

“Aydın məsələdir ki, İran bir sıra məhsulların idxalı üçün Azərbaycan üçün önəmli ölkələrdən biridir. Xüsusilə kənd təsərrüfatı məhsulları İrandan idxal edilirdi və daxili bazarlarda balans formalaşırdı.

Nəzərə almaq lazımdır ki, Azərbaycan İrana daha çox lazımdır. Belə ki, İranın ən böyük satış bazarı olan Rusiyaya məhsullar Azərbaycandan tranzit olunaraq çatdırılır. Azərbaycan sərhədlərini altı ay bağlı saxlasa, İranda daha ciddi nəticələr baş verə bilər.

Eyni zamanda üç qardaş ölkə- Azərbaycan, Türkiyə və Pakistan eyni anda İranla sərhədlərini bağlasa, İran hazırdakından da çətin vəziyyətə düşəcək.

Hazırda Azərbaycan bir sıra hallarda daxili tələbatı təmin edir. Amma daxili tələbatı təmin etmək üçün kənardan kərə yağı idxalı həyata keçirilir. Azərbaycan kərə yağı idxalının təxminən 25 faizini İrandan idxal edirdi.

Bu hal xüsusilə 2022-ci ildən etibarən, yəni Rusiya–Ukrayna müharibəsi başladıqdan sonra dəyişib. Logistika baxımından da İrandan məhsulların idxalı ölkəmiz üçün daha sərfəli idi. Belə olduğu təqdirdə də, təbii ki, müəyyən qədər qiymət artımı müşahidə olunacaq.”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə