“Ramazan ayında ərzaq və ət, tələbatın artması və süni bahalaşmadan təsirlənir” - EKSPERT DANIŞDI
“Ramazan ayında ərzaq məhsullarının qiymət artımına təsir edən əsas iqtisadi amil tələbatın kəskin şəkildə yüksəlməsidir. İnsanlar iftar və sahur süfrələri üçün daha çox və çeşidli məhsullar almağa çalışırlar, ki, bu da xüsusilə ət və ət məhsullarına olan tələbi artırır”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, tələbat artdıqda, təklif eyni səviyyədə qalarsa və ya logistika xərcləri yüksələrsə, qiymətlər bahalaşa bilir:
” Bundan əlavə, bəzi hallarda mövsümi fürsətdən istifadə edən satıcıların süni qiymət artımı da müşahidə oluna bilər. Sosial baxımdan isə ailə və qonaqlıq ənənələri, daha zəngin süfrə açmaq istəyi və paylaşma mədəniyyəti alış həcmini artıran amillər sırasındadır.
Ramazan dövründə ət və digər ərzaq məhsullarının bahalaşmasının qarşısını tam şəkildə almaq çətin olsa da, müəyyən tədbirlərlə təsiri azaltmaq mümkündür. Dövlət tərəfindən bazara nəzarətin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması və ehtiyat fondlarının düzgün idarə olunması mühüm rol oynaya bilər. Eyni zamanda yerli istehsalın artırılması, bazarda bolluğun yaradılması və idxalın balanslaşdırılması təklifin sabit qalmasına kömək edər.
Bununla yanaşı, bazarda rəqabət mühitinin aktivləşdirilməsi və inhisarçılığın aradan qaldırılması bazar iqtisadiyyatında qiymət artımını cilovlayan əsas alətdir. Bunun Azərbaycanda çatışmaması qiymətlərin bahalaşmasının əsas səbəbidir.
İstehlakçılar isə alış-verişi planlı aparmaqla, israfdan qaçmaqla və alternativ məhsullara üstünlük verməklə qiymət təzyiqinin azalmasına dolayısı ilə töhfə verə bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB