Dövlət Vergi Xidməti ötən il 75 obyektdə operativ nəzarət tədbiri həyata keçirib
2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 60 vergi ödəyicisinə məxsus 75 obyektdə operativ vergi nəzarəti tədbirləri həyata keçirib.
SİA quruma istinadən xəbər verir ki, bu, "Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" üzrə baş tutub.
İl ərzində 38 vergi ödəyicisinə məxsus 43 obyektdə ümumilikdə 196 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunub. Həmin şəxslərin əmək hüquqları bərpa edilib və aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 398,0 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Ötən il vergi borcu üzrə vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,5 milyon manat vəsait ödənilməsi təmin edilib.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanılması, satılması, habelə aksiz markası ilə markalanmalı olan məhsulların (malları) saxta aksiz markaları ilə markalanması, saxlanılması və ya satılması və s. faktlar üzrə istintaqı aparılan 117 cinayət işinin gedişatında 123 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və həmin cinayət işləri məhkəməyə göndərilib.
Ötən il ərzində vurulmuş ziyanın ödənilməsi ilə 37 cinayət işinin icraatına xitam verilib. 77 material üzrə cinayət işinin başlanılması rədd edilib. İbtidai istintaqı tamamlanmış cinayət işləri, o cümlədən cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə 156 milyon manat, icraatı davam edən cinayət işləri və materiallar üzrə isə 56,9 milyon manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB