"Tikinti sektorunda risklərin idarə olunması kifayət qədər effektiv deyil" - ŞƏRH EDİLDİ
"Son illərdə mənzil bazarında baş verən problemlər, xüsusilə MTK-larla (Mənzil-Tikinti Kooperativləri) bağlı dələduzluq halları vətəndaşların ciddi maliyyə və sosial risklərlə üzləşdiyini göstərir. Mənzil almaq istəyən şəxslər illərlə yığdıqları vəsaiti tikinti şirkətlərinə ödəsələr də, bəzi hallarda ya evlərini ala bilmir, ya da tikinti yarımçıq qalır. Bu problemin hələ də tam aradan qalxmamasının bir neçə iqtisadi və institusional səbəbi var". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, tikinti sektorunda risklərin idarə olunması mexanizmləri kifayət qədər effektiv deyil: "Bir çox hallarda vətəndaşlar tikinti hələ başlanmamış və ya ilkin mərhələdə olan layihələrə əvvəlcədən tam ödəniş edirlər. Bu isə maliyyə yükünü şirkətin üzərinə deyil, birbaşa vətəndaşın üzərinə qoyur. Şirkətin maliyyə dayanıqlığı zəif olduqda və ya vəsaitlər qeyri-şəffaf şəkildə istifadə edildikdə layihənin tamamlanmaması riski artır. Tikinti layihələrinin maliyyə mənbələri, xərclərin strukturu və vətəndaşlardan toplanan vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində daha ciddi maliyyə monitorinqi aparılmadıqda sui-istifadə halları yaranır. İnkişaf etmiş ölkələrdə bu kimi halların qarşısını almaq üçün eskrou (təhlükəsiz hesab) sistemi tətbiq olunur. Bu sistemdə vətəndaşın ödədiyi vəsait yalnız tikinti mərhələləri tamamlandıqca şirkətə köçürülür. Bir çox vətəndaş müqavilə şərtlərini tam araşdırmadan, tikinti şirkətinin maliyyə vəziyyəti və hüquqi statusu haqqında məlumat əldə etmədən qərar verir. Bu isə onları potensial dələduzluq riskləri qarşısında daha həssas edir.
Bundan əlavə, bazarda rəqabət və sürətli qazanc motivasiyası bəzi şirkətləri real maliyyə imkanlarından artıq layihələrə başlamağa vadar edir. Layihələrin paralel şəkildə çoxaldılması və vəsait çatışmazlığı nəticədə tikintinin dayanmasına gətirib çıxarır. Belə hallarda zərər çəkən əsas tərəf isə vətəndaşlar olur.
Problemin həlli üçün bir neçə istiqamətdə sistemli addımlar vacibdir: tikinti şirkətlərinin maliyyə dayanıqlığına dair lisenziyalaşdırma tələblərinin sərtləşdirilməsi, vətəndaş ödənişlərinin qorunması üçün eskrou mexanizmlərinin geniş tətbiqi, tikinti prosesinə real vaxt rejimində dövlət nəzarətinin gücləndirilməsi və vətəndaşların maliyyə-hüquqi maarifləndirilməsi. Ümumilikdə, MTK qurbanlarının sayının azalması yalnız hüquqi tədbirlərlə deyil, həm də maliyyə intizamı, bazar şəffaflığı və vətəndaşların risklər barədə məlumatlılığının artırılması ilə mümkün ola bilər. Mənzil bazarında etimadın formalaşması üçün həm dövlət, həm də bazar iştirakçıları məsuliyyətli davranmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB