Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına 620 milyon tona yaxın neft nəql olunub

2025-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 131 milyon dollar, əsaslı xərclərə isə 98 milyon dollar vəsait xərclənib ki, bu da 2024-cü illə müqayisədə müvafiq olaraq 10,3 faiz azalma və 2,2 dəfə artım deməkdir.

SİA bp-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib (4,7 faiz artım) və Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2025-ci ildə BTC vasitəsilə ixrac olunan təqribən 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat (6,9 faiz azalma) Ceyhan terminalında 283 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə