Minimum əmək haqqının artımı qiymət artımını üstələyə biləcəkmi? -EKSPERT DANIŞDI

“Yeni təklif edilən dəyişiklik minimum əmək haqqının illik əsaslarla nəzərdən keçirilib artırılmasını nəzərdə tutur”. Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, bu yanaşma işçilərin gəlirlərinin zamanla dəyərdən düşməsinin qarşısını qismən almağa yönəlib və sosial rifahın qorunması baxımından əhəmiyyətli hesab olunur:

”Xüsusilə inflyasiya şəraitində bu cür mexanizmlər daha vacib rol oynayır.Minimum əmək haqqının artırılması işçilərin gündəlik xərclərini qarşılamaq imkanlarını müəyyən qədər yaxşılaşdıra bilər. Ərzaq, nəqliyyat və kommunal xidmətlər kimi əsas ehtiyac sahələrində artan qiymətlər fonunda maaşların yenilənməsi alıcılıq qabiliyyətinin tam itirilməsinin qarşısını almağa kömək edir.

Lakin əmək haqlarının artırılması ilə qiymətlərin artımı arasında birbaşa və tam uyğunluq yaratmaq mümkün deyil. Qiymətlərin formalaşması yalnız əmək bazarından asılı deyil və daha mürəkkəb iqtisadi mexanizmlərlə tənzimlənir. Bu səbəbdən maaş artımı qiymət artımını avtomatik olaraq dayandırmır.

Qiymətlərin yüksəlməsi əsasən bazar şəraiti, tədarük zəncirləri və tələb-təklif balansı ilə əlaqəlidir. İdxal xərcləri, enerji qiymətləri və qlobal iqtisadi proseslər də daxili bazara birbaşa təsir göstərir. Bu amillər nəzərə alınmadan yalnız maaş artımı ilə inflyasiyanı cilovlamaq çətindir.

Minimum əmək haqqının artırılması işçilərin alıcılıq qabiliyyətini müəyyən qədər qoruya bilər, lakin inflyasiya üzərində tam nəzarəti təmin etmir. Daha davamlı nəticələr əldə etmək üçün maaş siyasəti ilə yanaşı, genişmiqyaslı iqtisadi və struktur islahatların həyata keçirilməsi zəruridir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə