Baza ssenarisinə əsasən, orta müddətli dövrdə inflyasiyanın müəyyən edilmiş hədəf intervalı daxilində qalacağı proqnozlaşdırılır.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov İdarə Heyyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunmuş mətbuat konfransında səsləndirib.
Belə ki, 2026-cı ilin fevral ayına aid yenilənmiş proqnozlara əsasən, illik inflyasiyanın 2026-cı ildə 5,5 faiz, 2027-ci ildə isə 4,0 faiz səviyyəsində formalaşacağı gözlənilir. Qeyd edilməlidir ki, 2026-cı il üzrə inflyasiya proqnozu əvvəlki qiymətləndirmələrlə müqayisədə azaldılma istiqamətində yenilənmişdir.
Ötən iclasdan etibarən inflyasiya riskləri balansında əhəmiyyətli dəyişikliklər müşahidə olunmamışdır. Bununla belə, qlobal miqyasda geosiyasi gərginliklərin davam etməsi, iqtisadi fraqmentasiya meyillərinin güclənməsi və beynəlxalq ticarət mühitində qeyri-sabitliyin artması əmtəə və maliyyə bazarlarında qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlamaqdadır. Xarici risklər arasında əsas amil idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ehtimalı ilə bağlıdır. Bu riskin reallaşması isə əsasən ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin dəyişmə istiqaməti, eləcə də nominal effektiv məzənnənin volatilliyi kimi faktorlarla şərtlənəcəkdir.
Eyni zamanda, 2026-cı il üçün başlıca daxili risk faktoru daxili xərc amillərinin gözləniləndən daha yüksək səviyyədə reallaşması ehtimalı ilə əlaqələndirilir. Faiz dəhlizinin parametrləri üzrə növbəti qərar proqnozlaşdırılan və faktiki inflyasiyanın istiqaməti, habelə aparılan makroiqtisadi təhlillərin nəticələri nəzərə alınmaqla qəbul ediləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyinin təmin edilməsi məqsədilə sərəncamında olan bütün pul-kredit siyasəti alətlərindən istifadə edəcəyini bəyan edir.
Qeyd olunan qərarın 5 fevral 2026-cı il tarixindən etibarən qüvvəyə minməsi nəzərdə tutulur. Tədbir jurnalistlərin sual-cavab sessiyası ilə yekunlaşıb. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumatın isə 2026-cı il aprelin 2-də ictimaiyyətə açıqlanacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB