“Kimyəvi qatqılar və ədviyyatların təbii dadını məhv edir“ - EKSPERT DANIŞDI

“Son illər ədviyyatların dadı, ətri və ümumi keyfiyyəti ilə bağlı istehlakçı narazılığının artması bir sıra obyektiv və subyektiv amillərlə izah oluna bilər. Bu problemlərin başlıca səbəblərindən biri ədviyyatların istehsalı və emalı prosesində müvafiq keyfiyyət standartlarına hər zaman əməl edilməməsidir”.

Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.

Onun sözlərinə görə , bir çox hallarda istehsalçılar xərcləri azaltmaq məqsədilə keyfiyyətli xammaldan imtina edir, yaxud məhsulun həcmini artırmaq üçün kimyəvi qatqılar və konservantlardan istifadə edirlər:

“Bu yanaşma ədviyyatların təbii dad və ətrinin zəifləməsinə, hətta tamamilə itirilməsinə səbəb olur. Keyfiyyət itkisinə təsir göstərən digər mühüm amil saxlama şəraitidir. Yüksək rütubət, temperaturun normadan artıq olması və birbaşa işıq təsiri ədviyyatların kimyəvi tərkibini dəyişdirən əsas faktorlar sırasında yer alır. Uzun müddət uyğun olmayan şəraitdə saxlanılan məhsullar öz orqanoleptik xüsusiyyətlərini itirir ki, bu da istehlakçı məmnuniyyətinin azalmasına gətirib çıxarır.

Problemin digər tərəfi idxal olunan ədviyyatlarla bağlıdır. Xarici bazarlardan gətirilən məhsulların bir qismi uzunmüddətli daşınma, qeyri-müvafiq saxlama şəraiti və kütləvi istehsal səbəbindən yerli bazarın keyfiyyət tələblərinə cavab vermir. Nəticədə bazara təqdim olunan ədviyyatların dad və ətri istehlakçı gözləntilərini qarşılamır.

Eyni zamanda, nəzarət mexanizmlərinin yetərincə effektiv olmaması da mövcud vəziyyəti dərinləşdirən amillərdəndir. Dövlət və müstəqil nəzarət qurumlarının yoxlama tədbirləri bəzi hallarda sistemli xarakter daşımır. Bu səbəbdən məhsulların üzərindəki etiketlərdə göstərilən məlumatlar real tərkibi və keyfiyyət göstəricilərini əks etdirməyə bilər.

Qida təhlükəsizliyi baxımından isə vəziyyət daha ciddi risklər yaradır. Ədviyyatların saxlanması və daşınması zamanı mikroorqanizmlərlə çirklənməsi, həmçinin pestisidlər və sintetik maddələrin istifadəsi istehlakçı sağlamlığı üçün təhlükə yarada bilər. Bu hallar ədviyyat bazarında keyfiyyətə nəzarətin gücləndirilməsinin və daha sərt standartların tətbiqinin zəruriliyini bir daha gündəmə gətirir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə