Azərbaycan–İsrail münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

Bu günlərdə İsrailin xarici işlər naziri Gideon Saar biznes dairələrini təmsil edən 40 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev İsrail nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan–İsrail münasibətlərinin yüksək səviyyədə olduğu, qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərinin geniş olduğu vurğulanıb. Azərbaycan və İsrail xalqları arasında əlaqələr tarixi köklərə əsaslanır. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu gün iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan–İsrail iqtisadi və ticarət əlaqələri əsasən enerji, kənd təsərrüfatı texnologiyaları, su idarəçiliyi və yüksək texnologiyalar sahələrini əhatə edir.

“Son beş ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi orta hesabla 1,5–2 milyard dollar təşkil edib. Ticarət əlaqələrinin 80–90 faizi enerji sektorunun payına düşür. Azərbaycan İsrailin strateji enerji təchizatçısı kimi çıxış edir. Eyni zamanda, İsrail Azərbaycan üçün müdafiə sənayesi məhsulları, müasir texnologiyalar, kənd təsərrüfatı texnologiyaları, telekommunikasiya və kibertəhlükəsizlik avadanlıqları, kimya və gübrə məhsullarının təchizatçısıdır. 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanın İsrailə qeyri-neft ixracı 27 faiz artaraq 20,3 milyon dollara çatıb. Cari ildə ticarət dövriyyəsinin daha da artacağı gözlənilir. Bu göstəricilər Azərbaycan–İsrail iqtisadi münasibətlərinin dinamik və strateji xarakter daşıdığını təsdiqləyir. İsrail xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində biznes dairələrinin geniş təmsil olunması iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə verilən önəmi göstərir. Bu il Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İsrail Prezidenti İsak Hersoq arasında keçirilən görüşdə də iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Əməkdaşlığın perspektiv istiqamətlərindən biri su ehtiyatlarının səmərəli idarə olunması sahəsidir. İsrail tullantı sularının təkrar istifadəsi üzrə dünyada qabaqcıl ölkələrdəndir. ABŞ-da bu göstərici təxminən 60 faiz olduğu halda, İsraildə 90 faizə çatır. Müasir texnologiyalar sayəsində ərazisinin 40 faizi səhra olan İsrail ölkə üzrə su resurslarının səmərəli idarə olunmasına nail olub. Hazırda İsraildə 120 su təmizləyici stansiya fəaliyyət göstərir ki, onların ən böyüyü Şafdan stansiyasıdır. Bu təcrübənin Azərbaycanda tətbiqi içməli su ehtiyatlarından daha səmərəli istifadəyə töhfə verə bilər. Digər prioritet istiqamət kənd təsərrüfatı texnologiyalarıdır. İsrail bu sahədə qabaqcıl təcrübəyə malikdir. İsrail modeli kənd təsərrüfatında məhsuldarlıq və keyfiyyətin artırılmasına əsaslanır. Bu təcrübənin ölkəmizdə tətbiqi kənd təsərrüfatı məhsullarının istehsalının və ixrac imkanlarının genişlənməsinə şərait yarada bilər”, - deyə o vurğulayıb.

S.Heydərov bildirib ki, kibertəhlükəsizlik sahəsi də əməkdaşlığın mühüm istiqamətlərindən biridir. İsrail bu sahədə dünya liderləri sırasında yer alır: “Ölkədə kibertəhlükəsizlik üzrə 400-dən çox startap fəaliyyət göstərir, ixrac həcmi isə 3–5 milyard dollar təşkil edir. İsrailin bu sahədəki təcrübəsi Azərbaycanın rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan İsraillə müdafiə sənayesi sahəsində də uzunmüddətli və etibarlı əməkdaşlıq həyata keçirir. Beləliklə, İsrail Azərbaycanın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, müasir texnologiyalar üzrə mühüm tərəfdaşdır. Azərbaycan isə İsrail üçün strateji enerji təchizatçısı statusunu qoruyur. Mövcud əməkdaşlıq iki ölkə arasında münasibətlərin gələcəkdə də qarşılıqlı maraqlar əsasında inkişaf edəcəyini göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə