Banklarda kredit faizlərinin yüksəlməsinin səbəbi nədir ? - İQTİSADÇI AÇIQLADI

Son dövrlərdə banklarda kredit faizləri əhəmiyyətli dərəcədə yüksəlib. Ötən il 11-17 faiz aralığında kreditlər verilirdisə, indi bu faizlər minimum 18 faizdən başlayır. İqtisadçılar bunu Mərkəzi Bankın sərt pul-kredit siyasəti ilə əlaqələndirir. Banklarda kredit faizlərinin yüksəlməsinin səbəbi nədir ? Bu faiz artımı vətəndaşların kredit götürməsinə necə təsir edəcək? Yaxın aylarda faizlərin yenidən aşağı düşməsi ehtimalı varmı, yoxsa artım davam edəcək?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, kredit faizlərinin yüksəlməsinin əsas səbəblərindən biri Azərbaycan Mərkəzi Bankının sərt pul-kredit siyasətidir:

"İnflyasiya təzyiqlərini azaltmaq məqsədilə uçot dərəcəsinin yüksək saxlanılması bankların maliyyə resurslarını bahalaşdırır və bu da kredit faizlərinə birbaşa təsir göstərir. Bununla yanaşı, faiz artımında yüksək risk faizləri,yəni risk premiumu və problemli kreditlərin artım ehtimalı mühüm rol oynayır. Mövcud iqtisadi şəraitdə əhalinin real gəlirlərinin zəifləməsi, borcalanların ödəmə qabiliyyətinin aşağı düşməsi,əvvəlki dövrlərdə götürülmüş kreditlər üzrə gecikmələrin artması bank sektorunda problemli kreditlərin çoxalması riskini yüksəldir. Banklar bu riskləri nəzərə alaraq mümkün zərərləri kompensasiya etmək üçün kreditlər üzrə əlavə faiz marjası tətbiq edirlər. Faizlərin artması paradoksal şəkildə problemli kreditlərin həcmini daha da böyüdə bilər. Yüksək faizlər mövcud borcalanların aylıq ödəniş yükünü ağırlaşdırır, bu isə gecikmələrin və defolt hallarının artmasına səbəb olur. Nəticədə banklar həm yeni kreditlərin verilməsində daha ehtiyatlı davranır, həm də kredit şərtlərini sərtləşdirirlər. Bundan başqa depozitlər üzrə faizlərin yüksəlməsi, maliyyə bazarlarında qeyri-müəyyənlik, tənzimləyici tələblər çərçivəsində risk ehtiyatlarının artırılması faktorları var. Bu faktorlar kreditlərin maya dəyərini artırmaqla yanaşı, kreditləşmə prosesini də ləngidir. Faiz artımı ilk növbədə istehlak kreditlərinə tələbin azalmasına səbəb olur. Eyni zamanda ipoteka və biznes kreditləri üzrə də aktivliyin zəifləməsi gözlənilir ki, bu proses ümumi iqtisadi fəallığa mənfi təsir göstərə bilər.

Zənnimcə yaxın aylarda kredit faizlərinin kəskin şəkildə aşağı düşməsi az ehtimallıdır,hətta belə bir ehtimal yoxdur.İnflyasiya riskləri və problemli kreditlərin artım təhlükəsi fonunda Mərkəzi Bankın sərt pul-kredit siyasətini davam etdirəcəyi, bankların isə faizləri yüksək səviyyədə saxlayacağı istisna edilmir. Mövcud vəziyyət inflyasiyanın nəzarət altına alınması baxımından zəruri sayılsa da, yüksək faizlər və problemli kreditlərin artması əhalinin maliyyə yükünü artırır və kreditə çıxış imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə