"Sənaye parkları Azərbaycanın tranzit və istehsal imkanlarını gücləndirir" -ŞƏRH EDİLDİ

“Əslində, bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Birinci növbədə qeyd etmək lazımdır ki, sənaye parklarının yaradılması hər bir iqtisadiyyatın inkişafının əsas mənbələrindən biridir. Bu parklara nə qədər çox subyekt cəlb olunursa, bu artıq həmin iqtisadiyyatın inkişaf səviyyəsinin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, sənaye parklarına, Ələt Azad İqtisadi Zonasına nə qədər çox müvafiq subyektlər yerləşərsə, bu, təbii ki, ölkə iqtisadiyyatına ciddi töhfə verəcək: “Bu proseslə paralel olaraq sənaye kooperasiyası formalaşmağa başlayacaq ki, bu da son dərəcə müsbət haldır. Artıq bu istiqamətdə mühüm irəliləyişlər var və proses uğurla davam edir. Eyni zamanda, region ölkələri arasında müəyyən rəqabət mövcuddur və bu rəqabətin getdikcə güclənməsi olduqca əhəmiyyətli amildir. Bu gün Azərbaycan artıq tranzit ölkə statusu qazanıb. Əsas məqsəd isə ölkə ərazisindən keçən məhsullardan daha çox əlavə dəyər əldə etməkdir. Bunun yolu həmin məhsulların Azərbaycanda emal olunması və son məhsula çevrilməsidir. Bu baxımdan karton və qutu istehsalı kimi sənaye sahələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, indiyədək ölkəmizdə istehsal olunmayan bəzi xammal və aralıq məhsulların gələcəkdə məhz sənaye kooperasiyası çərçivəsində istehsalı mümkün olacaq. Artıq bazarda təklif formalaşır və müvafiq təşkilatlar Azərbaycanın tranzit imkanlarını görərək burada şirkətlər açmağa başlayırlar. Bu cür sənaye müəssisələrinin yaradılması Azərbaycanın digər ölkələrlə sənaye kooperasiyasında rolunun artmasına, istehsal zəncirində mövqeyinin möhkəmlənməsinə və rəqabət üstünlüyü qazanmasına xidmət edir ki, bu da ümumilikdə iqtisadiyyat üçün müsbət və strateji əhəmiyyət daşıyan bir prosesdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə