Əməkdaşlığın genişləndirilməsi hər iki tərəfə fayda verəcək

Yaxın illərdə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) əsas prioritetləri texnologiyaların inkişafı, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal infrastruktur səviyyəsi zəif olan ölkələrin prosesə daha geniş şəkildə qoşulmasını təmin etmək olacaq.

SİA xəbər verir ki, bu barədə müsahibəsində Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak edən Kipr Rabitə Komissarlığı İdarəsinin komissarı Corc Mixaelidis bildirib.

Onun sözlərinə görə, BTİ uzun illərdir telekommunikasiya məsələləri üzrə dialoq üçün platforma təqdim edərək və müxtəlif inkişaf səviyyəsinə malik dövlətlər üçün imkanlar yaradaraq unikal bir missiyanı yerinə yetirir: “Buna bənzər başqa qurumun mövcud olduğunu düşünmürəm ki, o, az inkişaf etmiş ölkələrin rəqəmsal əlaqəliliyinin yaxşılaşdırılmasına, daha irəliləmiş ölkələrin isə onlara dəstək göstərməsinə imkan versin. Bu, BTİ-nin fəaliyyətinin ən mühüm hissəsidir”.

Azərbaycanın rolu haqqında danışan komissar vurğulayıb ki, ölkənin coğrafi mövqeyi regional və regionlararası əməkdaşlıq üçün əlavə imkanlar açır: “Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşir və bu, onun rəqəmsal gündəliyin irəlilədilməsində əhəmiyyətli rol oynamasına şərait yaradır. Belə mövqe ölkəni telekommunikasiya sahəsinin inkişafında mühüm tərəfdaşa çevirir”.

C.Mixaelidis, həmçinin Azərbaycanda texnoloji cəhətdən modernləşmənin yüksək səviyyəsini qeyd edərək deyib: “Bu, mənim Bakıya ilk səfərimdir və şəhərin memarlığı, texnologiyaların tətbiq səviyyəsi məni həqiqətən heyran etdi. Əminəm ki, Kipr və Azərbaycan arasında telekommunikasiya və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı faydalı olacaq. Rəqəmsal transformasiyanın gələcəyi əsasən beynəlxalq qarşılıqlı əməkdaşlıqdan asılıdır. Biz memorandumlar imzalayırıq, müxtəlif ölkələrlə danışıqlar aparırıq. Telekommunikasiya sahəsində Azərbaycanla münasibətlərin dərinləşdirilməsi çox faydalı olardı”.

Bütün xəbərlər Facebook səhifəmizdə