“Rəqəmsal valyutalar bank sektorunun ənənəvi modelini köklü şəkildə dəyişir” - İQTİSADÇI DANIŞDI
"Rəqəmsal valyutalara - xüsusən də Mərkəzi Bank Rəqəmsal Valyutalarına (CBDC) və özəl kriptovalyutalara keçid - bank sektorunun uzun illərdir dəyişməyən ənənəvi modelini köklü şəkildə transformasiya etmək potensialına malikdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər təkcə texnoloji yeniliklərlə məhdudlaşmır, həm də maliyyə vasitəçiliyi, pul siyasəti və bankların bazardakı rolu kimi əsas sahələri əhatə edir: "Ən böyük dəyişiklik bankların “vasitəçi” funksiyasına təsirdir. Bu gün bütün ödəniş əməliyyatları bankların infrastrukturu üzərindən həyata keçirilsə də, rəqəmsal valyutaların geniş tətbiqi bu zərurəti azalda bilər. Məsələn, CBDC-lər və dövlət tərəfindən tənzimlənən rəqəmsal ödəniş platformaları vətəndaşlara birbaşa mərkəzi bankla əməliyyat aparmaq imkanı yaradır. Bu isə kommersiya banklarının depozit toplama qabiliyyətinə təsir edərək, onların maliyyə bazarındakı mövqeyini zəiflədə bilər.
Digər tərəfdən, rəqəmsal valyutalar bankların kreditvermə modelini də dəyişdirə bilər. Əgər insanlar depozitlərini banklarda saxlamaq əvəzinə təhlükəsiz hesab olunan rəqəmsal dövlət valyutalarına yönəltsələr, bankların kredit resursları azalacaq. Bu isə kommersiya banklarını yeni maliyyə alətləri və alternativ kapital mənbələri axtarmağa məcbur edəcək. Nəticədə banklar daha innovativ, rəqabətə davamlı və texnologiyaya əsaslanan xidmətlər təklif etməyə yönələcək. Bununla yanaşı, rəqəmsal valyutalar şəffaflığı artırdığı üçün kölgə iqtisadiyyatının azaldılmasına və maliyyə monitorinq sisteminin gücləndirilməsinə töhfə verir. Lakin bu, eyni zamanda daha sərt nəzarət və məxfilik müzakirələrini gündəmə gətirir. Banklar isə öz növbəsində rəqəmsal identifikasiya, smart-kontraktlar və avtomatlaşdırılmış risk idarəetməsi kimi texnologiyalardan daha çox istifadə etməli olacaqlar.
Ənənəvi bankların tamamilə sıradan çıxması real görünməsə də, onların fəaliyyət modelinin ciddi şəkildə dəyişəcəyi qaçılmazdır. Banklar rəqəmsal valyutalarla rəqabət aparmaq üçün daha çox platformalaşmaya, sürətli ödəniş sistemlərinə, rəqəmsal bankçılığa və yüksək səviyyədə müştəri təcrübəsinə yatırım etməli olacaqlar. Rəqəmsal valyutalara keçid bank sektorunu ləğv etməkdən çox onu yenidən formalaşdırır. Yeni dövrdə ənənəvi bankların uğuru onların rəqəmsal transformasiyaya nə qədər sürətlə və səmərəli uyğunlaşmasından asılı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB