"İkinci işə meyillənmək nə ilə bağlı ola bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

"İnsanların ikinci işə meyillənməsinin bir çox səbəbləri var. Hər kəs fərqli olduğuna görə, hər bir insan ayrıca bir fərddir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O bildirib ki, onların öz xüsusiyyətləri, davranış motivləri və fərqli səbəbləri mövcuddur: "İkinci işə başlamaq istəyi əsasən maddi səbəblərlə bağlı ola bilər. Bəziləri sadəcə dolanışıq üçün çalışır, bəziləri daha çox gəlir əldə etmək istəyir. Məsələn, 10.000 qazanır, amma istəyir ki, bu məbləğ 20.000 olsun. Digərləri isə gəlirini diversifikasiya etmək, yəni yalnız bir mənbədən asılı qalmamaq məqsədilə əlavə işə yönəlirlər.

Bununla belə, insanların işləməsinin əsas səbəbi ümumilikdə maddi tələbatlarla bağlıdır. İkinci işə başlayan şəxs də əslində həmin tələbatlarını qarşılamağa çalışır. Amma sual yaranır: maddi tələbatlar necə müəyyən olunur? Bu zaman ölkədə mövcud olan yaşayış minimumu, orta istehlak səbəti və digər göstəricilər nəzərə alınmalıdır.

Əgər bir insanın real gəliri həmin minimuma çatmırsa və o, əlavə işlə məşğul olursa, deməli məqsəd yalnız tələbatını ödəməkdir. Yox əgər gəliri kifayət edir, amma yenə də ikinci işlə məşğuldursa, bu halda başqa motivlərdən danışmaq olar.

Beləliklə, bu məsələnin tək bir cavabı yoxdur. İnsanların niyə ikinci işə meyilləndiyini dəqiq müəyyənləşdirmək üçün geniş sosial araşdırmalar aparılmalıdır. Bunun üçün ölkədə Sosial Tədqiqatlar Mərkəzi, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi fəaliyyət göstərir. Dövlət bu qurumlara vəsait ayırır ki, məhz belə məsələlərdə tədqiqat aparsınlar və cəmiyyətə nəticələri təqdim etsinlər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə