"Yerli istehsalın dəstəklənməsi idxaldan asılılığı azaldaraq iqtisadi müstəqillik yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Yerli istehsalın dəstəklənməsi hər bir ölkənin iqtisadi müstəqilliyi və dayanıqlılığı üçün əsas strateji istiqamətlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, əgər ölkə daxili bazarda tələb olunan məhsul və xidmətlərin mühüm hissəsini öz resursları və müəssisələri hesabına təmin edə bilirsə, bu zaman idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalır: "Əvvəla, yerli istehsalın inkişafı milli valyutanın möhkəmlənməsinə və xarici valyutaya tələbatın azalmasına gətirib çıxarır. Çünki idxal zamanı ölkə valyuta xərcləməli olur, halbuki yerli istehsal daxili dövriyyəni gücləndirir, yeni iş yerləri açır və iqtisadiyyata əlavə dəyər qazandırır. Bu proses eyni zamanda qeyri-neft sektorunun inkişafını da stimullaşdırır ki, bu da Azərbaycan kimi təbii resurslardan asılı olan ölkələr üçün xüsusilə vacibdir.
İkinci mühüm məqam ərzaq və strateji məhsullarda təhlükəsizlik məsələsidir. Məsələn, kənd təsərrüfatı məhsullarının, dərman vasitələrinin və gündəlik istehlak mallarının yerli istehsalı artırıldıqca xarici təchizatçılardan asılılıq azalır. Bu, qlobal böhranlar, müharibələr və ya tədarük zəncirində yaranan hər hansı fasilə zamanı ölkənin sabitliyini qorumağa imkan verir. Pandemiya dövründə bir çox ölkələrin məhz idxaldan asılılıq səbəbindən çətinliklər yaşaması bu məsələnin nə qədər strateji əhəmiyyət daşıdığını sübut etdi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, yerli istehsalın dəstəklənməsi təkcə dövlət subsidiyaları və stimullaşdırıcı tədbirlərlə məhdudlaşmamalıdır. Bu sahədə texnologiyaların yenilənməsi, keyfiyyət standartlarının yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılması əsas şərtlərdir. Əks halda, yerli məhsullar bazarda rəqabətə davam gətirə bilməz və idxal yenidən üstün mövqe tutar.
Yerli istehsalın dəstəklənməsi idxaldan tamamilə imtina demək olmasa da, onun asılılığını minimuma endirir və ölkəyə iqtisadi təhlükəsizlik, maliyyə sabitliyi və daha geniş inkişaf perspektivləri qazandırır. Azərbaycan üçün də bu strategiya milli iqtisadiyyatın dayanıqlığını gücləndirmək və ixrac potensialını artırmaq baxımından həyati əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə