Qazaxıstanın paytaxtı Astana şəhərində qlobal energetika gündəliyinin əsas hadisələrindən biri olan “Kazakhstan Energy Week – 2025” və XVI “KAZENERGY” Avrasiya Forumunun açılışı olub. SİA xəbər verir ki, tədbirdə Qazaxıstan hökumətinin üzvləri, Mərkəzi Asiya ölkələrinin rəsmi nümayəndə heyətləri, beynəlxalq təşkilatların rəhbərləri, qlobal və milli enerji şirkətlərinin top-menecerləri, aparıcı ekspertlər, elmi ictimaiyyətin nümayəndələri iştirak edirlər.
“KEW-2025” ən aktual enerji problemlərinin müzakirəsi, yeni həll yollarının işlənib hazırlanması, regional və qlobal əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli beynəlxalq platformadır.
Bu il tədbirdə 50 ölkədən 2500-dən çox nümayəndə və 300-dən artıq böyük şirkətin təmsilçiləri iştirak edirlər.
Forumun əsas mövzuları enerji sektorunda yeni çağırışlar və davamlı inkişaf; nüvə enerjisinin inkişafı perspektivləri və təhlükəsizlik standartları; süni intellekt, böyük data mərkəzləri və rəqəmsal həllərdən istifadə; investisiya tərəfdaşlığı və regional enerji inteqrasiyasıdır.
Forumun ilk günü, oktyabrın 2-də “KazMunayQaz”, “Turkish Petroleum”, SOCAR, “Uzbeknefteqaz” və “Shell” kimi şirkətlərin rəhbərlərinin iştirak etdiyi plenar iclasda qlobal enerji tendensiyaları, karbonsuzlaşdırma və investisiya əməkdaşlığı müzakirə olunacaq.
KEW-2025 təkcə peşəkar müzakirə platforması deyil, həm də Qazaxıstanın qlobal enerji siyasətində fəal oyunçu statusunu təsdiqləyən mühüm beynəlxalq tədbirdir.
Bütün xəbərlər Facebook səhifəmizdə