Əhalinin suya əlçatanlığı təmin olunub - ADSEA

Cari ilin əvvəlindən bu günə kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) 631 min müraciət daxil olub və bu müraciətlərin hamısına baxılıb. SİA xəbər verir ki, bu sözləri ADSEA-nın sədr müavini İlham Bayramov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, il hələ başa çatmayıb və 631 min müraciətə baxılması onu deməyə əsas verir ki, Azərbaycanda əhali üçün su əlçatanndır.

“Əvvəllər vətəndaşın su ilə təmin olunması 19 mərhələdən keçməklə başa gəlirdi. Lakin həyata keçirilən tədbirlər nəticəsində bu gün vətəndaşın müraciəti cəmi 3 mərhələdən keçir və 30 gün ərzində iş icra olunur. Qarşıda duran əsas məqsədlərdən biri su idarəçiliyinin tam elektronlaşdırılmasından ibarətdir”, - deyə sədr müavini qeyd edib.

İ. Bayramov nəzərə çatdırıb ki, agentliyin məqsədlərindən biri də özəl sektorun su təminatını yaxşılaşdırıb ölkənin iqtisadi inkişafına təkan verməkdən ibarətdir: “Bizim işimizin çətinliyi ondan ibarətdir ki, işlər yerin altında aparılır. Suyun çəkilməsi daha sonra tullantı sularının istiqamətini müəyyən etmək çətinliklər yaratsa da qəbul edilən Dövlət Proqramı sayəsində bu işlərin öhdəsindən gələrək infrastruktur layihəyəri həyata keçirilib, özəl və dövlət sektorunun su ilə təminatının yaxşılaşmasına nail olunub”.

Bütün xəbərlər Facebook səhifəmizdə