AQTA meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlara çağırış edib
Xurma, nar, pomidor və digər məhsulların ixracı ilə bağlı mövsümə hazırlıq işləri artıq bir neçə aydır ki, davam edir. Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində işlər aparılmaqdadır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alınması ilə bağlı “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş beynəlxalq standartların, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiket tələblərinə ciddi riayət edilməlidir.
Bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanan altlıqlar və qablaşdırma materialları beynəlxalq standartların tələblərinə uyğun formada işlənməli, eləcə də məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməli, zəruri məlumatlar yerləşdirilməlidir. Həmçinin bu məlumatlar taraların üzərində beynəlxalq standartların tələblərə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır. Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun olaraq qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialının və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması ilə yanaşı, onların daşınması, saxlanması və etiketlənməsi zamanı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinə riayət edilməsinə gətirib çıxarır.
Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənməyə və qablaşdırma materiallarına dair, bundan əlavə beynəlxalq standartların tələblərinə ciddi riayət edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə