"Azərbaycanın yaşıl enerjiyə keçidi yalnız ekologiyanın xilasına deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanın enerji gündəliyində bərpaolunan mənbələrin xüsusi yer tutması artıq təsadüfi seçim deyil, gələcəyin məcburi şərtidir. Bu gün dünyada biznesin davamlılığı yalnız maliyyə göstəriciləri ilə deyil, həm də ekoloji dayanıqlılıqla ölçülür. Azərbaycanın günəş, külək və su potensialı isə bu sahədə həm ölkə iqtisadiyyatına, həm də iş dünyasına yeni nəfəs gətirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, əvvəllər biznesin inkişafı çox vaxt ucuz enerji resurslarına çıxışla bağlı idisə, indi şirkətlər üçün yaşıl enerji imic və rəqabət üstünlüyü deməkdir: “Xüsusilə beynəlxalq bazara inteqrasiya edən yerli şirkətlər üçün bərpaolunan enerji istifadəsi artıq bir seçim yox, zərurətdir. Çünki Avropanın bazarları, dünya istehsal zəncirləri getdikcə daha çox “yaşıl damğa” tələb edir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, günəş və külək parklarının inşası, iş adamlarına həm daha sabit enerji təminatı, həm də ixrac potensialında yeni imkanlar vəd edir.

Bərpaolunan enerji mənbələrinin istifadəsi biznesin xərclərinə də müsbət təsir göstərir. Əvvəlcə müəyyən investisiya tələb etsə də, uzunmüddətli perspektivdə şirkətləri qiymət dalğalanmalarından qoruyur, istehsal prosesində sabitlik yaradır. Üstəlik, karbon emissiyalarının azalması şirkətlərin beynəlxalq tərəfdaşlar qarşısında etibarlılığını artırır. Bu, həm də yeni maliyyə mənbələrinə çıxış deməkdir, çünki dünyanın aparıcı maliyyə institutları artıq “yaşıl layihələrə” daha çox üstünlük verirlər.

Azərbaycanın bu istiqamətdə apardığı siyasət Prezident İlham Əliyevin davamlı inkişaf kursunun tərkib hissəsidir. Xəzər küləyi, Qarabağ günəşi və dağ çaylarının enerjisi sadəcə elektrik istehsalı deyil, həm də yeni iqtisadi fəlsəfənin başlanğıcıdır. Bu fəlsəfə isə biznesin gələcəyini daha dayanıqlı, daha çevik və daha rəqabətədavamlı edir. Bir sözlə, bərpaolunan enerji Azərbaycanın iş dünyası üçün sabahın təminatıdır. Bu sabah həm təmiz mühit, həm sabit enerji, həm də beynəlxalq bazarlarda güclü mövqelər deməkdir. Azərbaycanın yaşıl enerjiyə keçidi yalnız ekologiyanın xilasına deyil, biznesin davamlılığına da zəmanət verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə