“Çəltik və düyü” Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib - FOTOLAR
Masallı rayonunda kənd təsərrüfatının inkişafı, ənənələrin yaşadılması və aqrar sahədə innovativ texnologiyaların təşviqi məqsədilə “Çəltik və düyü” Festivalı və Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir həm kənd təsərrüfatı istehsalçılarını, həm də istehlakçıları bir araya gətirərək, məhsulları nümayiş etdirməklə yanaşı, aqrar sahədə qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə də şərait yaradıb.
Festival çərçivəsində Masallı rayonunda çəltikçilik sahəsində görülən işlər və bu sahənin potensialı geniş şəkildə təqdim olunub. Tədbirdə çəltik əkini və biçini üçün istifadə olunan müasir texnikalar nümayiş etdirilib, çəltik və düyüdən hazırlanan müxtəlif məhsullar ziyarətçilərə təqdim olunub. Bununla yanaşı, festival iştirakçıları düyüdən hazırlanan ərzaq və qida məhsulları, müxtəlif kənd təsərrüfatı və ərzaq məhsulları, sənətkarlıq nümunələri, sənaye məhsulları və əl işləri ilə tanış olublar.
Aqrar Biznes festivallarinin ənənəsinə uyğun olaraq tədbirdə dövlət qurumları tərəfindən aqrar sığorta məhsulları və aqrar sahə ilə bağlı müxtəlif xidmətlər təqdim edilib.
Festivalda özəl aqrar şirkətlər tərəfindən müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.
Tədbir çərçivəsində, həmçinin mövsümün növbəti beşinci toxum sərgi-satış yarmarkası keçirilib. Fermerlərin rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə keçirilən sərgi-satış yarmarkasında geniş çeşiddə toxum nümunələri nümayiş olunub.
Yarmarka çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib. Fermerlərə bölgənin torpaq və iqlim şəraitinə uyğun “Qırmızıgül-1”, “Əsgəran”, “Onur”, “Alekseiç”, “Lucilla”, “Balaton”, “Maurizio” yumşaq buğda sortları, həmçinin “Qarabağ-22”, “Nuranə”, “İosif” və “Finola” arpa sortlarının istifadəsi tövsiyə olunub. Bildirilib ki, bu sortlar məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, yerli şəraitə yüksək uyğunlaşma qabiliyyəti ilə də seçilir.
Festival və sərgi-satış yarmarkası kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların, fermerlərin, şirkətlərin, eləcə də ziyarətçilərin maraqlı və faydalı mübadilə platformasına çevrilib. Tədbir həm ənənəvi çəltikçiliyin təbliğinə, həm də aqrar sahədə innovativ həllərin genişlənməsinə mühüm töhfə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə