III Beynəlxalq Statistika Forumu iştirakçıları təəssüratlarını SİA-ya danışdı - SORĞU
Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda III Beynəlxalq Statistika Forumunun ikinci günü işə başlayıb. Tədbirdə milli statistika sistemlərində aparılmış islahatlar və inkişaf perspektivləri, BMT-nin Statistika Komissiyası tərəfindən qəbul edilmiş Milli Hesabat Sisteminin son versiyasının (MHS-2025) tətbiqi, valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında beynəlxalq müqayisələr proqramı, əhali və mənzil fondu siyahıyaalınmasının 2030-cu il mərhələsi, Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi, həmçinin sahə və çoxsektorlu layihələrlə bağlı məsələlər müzakirə olunacaq, informasiya texnologiyaları, statistika məlumatların inteqrasiyası, institusional qərarlar, statistikada səriştəliliyin inkişafı ilə əlaqədar layihələrin effektivliyi qiymətləndirilib. SİA-nın əməkdaşı iştirakçıların həm forumla bağlı, həm də Azərbaycan, Bakı ilə bağlı təəssüratlarını öyrənib.
MDB Statistika komitəsinin üzvü Andrey Kosarev: "MDB Statistika Komitəsi artıq üçüncü dəfədir ki, Beynəlxalq MDB Statistik Forumunu keçirir. Bu il isə forumu Azərbaycanın Dövlət Statistika Komitəsi ilə birgə təşkil edirik. Faktiki olaraq, Azərbaycan Dövlət Statistika Komitəsi bizim forumumuzun birgə təşkilatçısıdır və biz bunu böyük minnətdarlıqla qeyd edirik. Azərbaycan Statistika Komitəsinin əməkdaşları və dostlarımıza xüsusi təşəkkürümüzü bildiririk. Onlar forumun səmərəli və rahat şəraitdə keçirilməsi üçün çox böyük işlər görüblər. Biz məmnunuq ki, bu il forumu Bakı şəhərində çox gözəl bir şəhərdə keçiririk. Havanın da əlverişli olması bizim üçün böyük şansdır. Əminəm ki, forum iştirakçıları da tədbirin gedişatından məmnundurlar".
Türkiyə Statistika komitəsi sədrinin köməkçisi Abdullah Yüksel: "Təbii ki, üçüncüsü təşkil olunan beynəlxalq statistik forum Müstəqil Dövlətlər Birliyi çərçivəsində keçirilir. Bu il qardaş ölkəmiz Azərbaycan bizi də dəvət etdi və biz bu fürsətdən istifadə edərək Bakıdakı tədbirdə iştirak etməkdən böyük məmnunluq duyduq. Forumda mənim üçün ən önəmli mövzulardan biri milli hesablar, yəni milli gəlir hesablarının yenilənməsi məsələsi oldu. Dünyada bütün ölkələrin və statistik institutların buna uyğunlaşması üçün bu cür forumların önəmi böyükdür. Mən də bu fürsətdən istifadə edərək burada təqdimat etdim. Təbii ki, digər statistik institutların da üzləşdiyi çox önəmli inkişaflar var. Müasir dövrdə məlumatın əhəmiyyəti sürətlə artır və statistik institutların bu inkişaf edən məlumat mərkəzli dövrdə geri qalmaması üçün özlərini çox sürətlə uyğunlaşdırmaları lazımdır. Bakıya gəlib şəhəri gəzmək fürsətim oldu. Mən 12 il əvvəl də Bakıda olmuşdum və o vaxtdan bu günə qədər daha da gözəlləşdiyini gördüm. Dəyişikliyin fərqindəyəm və həqiqətən Bakının dünyanın ən önəmli paytaxtlarından biri olduğunu düşünürəm. Bakı həm təbii gözəllikləri, həm də sürətlə və gözəl şəkildə inkişaf edən infrastrukturu ilə nümunəvi bir paytaxtdır".
BMT-nin Avropa İqtisadi Komissiyasının Statistik bölməsinin rəhbəri Tina Luiga: "Bakıda - bu gözəl şəhərdə olmaqdan çox məmnunam. MDB forumunda ən aktual və çətin statistik məsələləri müzakirə edirik. Mövzular çox maraqlıdır və MDB ölkələrinin, o cümlədən Azərbaycanın rəsmi statistikanın inkişafı sahəsində irəliləyişlərini görmək xoşdur. Azərbaycanı fərqləndirən əsas cəhət ondadır ki, bütün hökumət və ümumilikdə ölkə rəsmi statistikaya böyük diqqət ayırır. Qərarların qəbul edilməsində bunu əsas götürür. Bu, bütün ölkələrdə belə deyil. Buna görə də digər ölkələr Azərbaycan təcrübəsindən öyrənə bilərlər. Mən əvvəllər də Bakıda olmuşam. O zaman burada çoxlu tikinti işləri gedirdi. Həmin vaxt maliyyə böhranı idi və elə görünürdü ki, tikinti çox da sürətlə irəliləmir. Lakin illər sonra geri qayıdanda görürəm ki, bütün işlər tamamlanıb. Şəhər həqiqətən də möhtəşəmdir. Memarlıq çox maraqlıdır və köhnə şəhərlə müasir Bakının tarazlığını görmək çox xoşdur. Bu, həqiqətən də olmaq və ziyarət etmək üçün əla bir məkandır. Təşəkkür edirəm".
Serbiya Statistika komitəsinin direktoru Branko Sipoviç: "Əslində bu böyük foruma – Bakıya dəvət olunmaq və burada iştirak etmək mənim üçün böyük bir məmnuniyyətdir. Bu, mənim Azərbaycana ilk gəlişimdir və ölkənin, xüsusilə də Bakının yüksək qonaqpərvərliyini görməkdən çox məmnunam. Bu, həqiqətən də əla forumdur. Digər institutların nümayəndələri ilə xüsusən də rəsmi statistika sahəsində fikir mübadiləsi aparmaq üçün böyük bir imkandır. Çünki düşünürəm ki, bilikləri mübadilə etməyin ən yaxşı yolu məhz belə forumların təşkil olunmasıdır. Biz çoxlu mövzuları əhatə etdik: siyahıyaalmanın modernləşdirilməsi, rəsmi statistikanın inkişafı. Fikrimcə, bu məsələlər çox vacibdir. Çünki biz bir-birimizə kömək etməli, institutlara dəstək verməli və eyni istiqamətdə irəliləyərək müasir, nüfuzlu statistika qurumlarına çevrilməliyik. Əsas məqsədimiz hökumətlərimizə dəstək olmaqdır. Bu forum da məhz bu istiqamətdə yaxşı töhfə verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə