"Bank və kredit sektorunda məlumatın önəmi və ideoloji yanaşmalar önəmlidir" - Ruslan Omarov
"Məlumatın düzgünlüyü və mənbə etibarlılığı bank sektorunda strateji əhəmiyyət daşıyır. Bu gün cəmiyyət arasında yayılan qeyri-rəsmi və ya təsdiqlənməmiş məlumatlar, xüsusilə sosial media platformalarında – məsələn, "YouTube" üzərindən paylaşan fərdi şəxslərin təsiri – bəzən maliyyə bazarlarına, o cümlədən səhmlər və valyuta bazarlarına mənfi təsir göstərə bilir. Belə hallarda düzgün məlumatlandırma və rəsmi açıqlamaların vaxtında verilməsi bazar iştirakçıları üçün həyati önəm daşıyır". SİA-nın verdiyi məlumata görə, bu sözləri konfrans zamanı Avrasiya Kredit İnformasiya Təchizatçıları Assosiasiyasının İdarə Heyətinin Sədri Qazaxıstanın First Credit Bureau (FCBK) şirkətinin Baş İcraçı Direktoru Ruslan Omarov deyib.
Onun sözlərinə görə, hazırkı dövrdə investorların və müştərilərin informasiya mənbələrinə yanaşması daha ideoloji və bəzən emosional çalarlarla müşayiət olunur. Bəzi paylaşımlar və ya şayiə xarakterli məlumatlar investor davranışına yön verir və bu, xüsusilə Nasdaq və digər beynəlxalq bazarlarda müşahidə olunur: "Belə durumda maliyyə institutları, xüsusilə banklar, informasiyanın düzgünlüyünə nəzarət etməli, ictimaiyyətlə əlaqə kanallarını gücləndirməli və şəffaflıq prinsipinə əsaslanmalıdır. Bundan əlavə, texnologiyanın sürətli inkişafı və rəqəmsallaşma dövründə fərdi şəxslər, hətta heç bir maliyyə savadı olmayan şəxslər belə, sosial media vasitəsilə maliyyə mövzularında fikir bildirə bilir. Bu isə maliyyə savadlılığı təşəbbüslərinin artırılmasını və ictimai maarifləndirmə kampaniyalarının daha da gücləndirilməsini vacib edir.
Yekunda, maliyyə bazarlarında uğur yalnız rəqəmlərlə ölçülmür, həm də düzgün informasiya ilə, vaxtında qərarvermə bacarığı ilə və ideoloji neytrallıqla təmin edilir. Sektorun bütün iştirakçıları – istər bank rəhbərləri, istər müştərilər, istərsə də tənzimləyici qurumlar – bu reallığı nəzərə alaraq hərəkət etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə