Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2024-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə mobil xidmətlərə qoşulma göstəricilərini əhatə edir.
SİA-nın əldə etdiyi məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, müvafiq hesabat 2015-ci ildən etibarən mobil xidmətlər sferasında baş verən əsas trendləri müşahidə etmək, inkişaf meyillərini təhlil etmək məqsədilə hazırlanır. Ümumilikdə, yekun indeks mobil xidmətlərin infrastruktur, qiymət əlçatanlılığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə 32 indikator əsasında hesablanır.
Hesabatın nəticələrinə əsasən, Azərbaycan ötən il indeks üzrə göstəricisini təqribən 3,07 artıraraq 73,8 indeks xalı toplayıb. İndeks üzrə artım ölkənin mövqeyinə də təsir edib. Belə ki, 2023-cü illə müqayisədə 8 pillə irəliləyərək 65-ci pillədə olmaqla qabaqcıl (advanced) ölkələr sırasında qərarlaşıb.
Qeyd olunub ki, ötən il də Azərbaycan qabaqcıl ölkələr sırasında idi. Hesabata 93,41 xala malik Danimarka başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə