"Azərbaycanda “premium” və "elit" turizmin inkişafı üçün real perspektivlər var"
Azərbaycanda “premium” və "elit" seqmentli turizmin inkişafı üçün real perspektivlər mövcuddur. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən parlamentin plenar iclasında bildirib.
Deputat qeyd edib ki, dünya təcrübəsi süni torpaqlar üzərində aparılan tikinti və infrastruktur layihələrinin böyük həcmdə investisiya tələb etdiyini göstərir:
“Belə layihələrin reallaşdırılması üçün sahibkarlıq fəaliyyətinin təşviqinə geniş imkanlar yaradılır. Bu isə həm həmin ərazilərin inkişafına, həm də yeni iqtisadi platformaların formalaşmasına töhfə verir”.
A.Əmiraslanov vurğulayıb ki, süni torpaq sahələrinin yaradılması və burada müasir infrastrukturun qurulması Azərbaycanın innovativ təşəbbüslərinin, iqtisadi potensialının və maliyyə imkanlarının bariz nümunəsidir.
Onun sözlərinə görə, bu sahədə ən perspektivli istiqamət “premium” və "elit" turizmin inkişafıdır: “Azərbaycanda bu turizm seqmentinin inkişafı üçün təşəbbüslər və imkanlar mövcuddur. Bu istiqamət yüksək keyfiyyətli xidmət, müasir infrastruktur, komfortlu istirahət şəraiti və əyləncə yönümlü əlavə imkanlarla müşayiət olunmalıdır”.
Deputat əlavə edib ki, təqdim edilən “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinə şərait yaratmaqla yanaşı, “premium” turizmin bir komponenti kimi oyun turizminin təşkili üçün də hüquqi baza formalaşdırır: “Lakin bu təşəbbüs ölkə ərazisində oyun biznesinin təşviqi və ya təbliği anlamına gəlmir. Əksinə, burada xüsusi tənzimləyici mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bir çox ölkələrdə bu sahədə liberal yanaşmalar tətbiq olunsa da, Azərbaycanda daha ciddi nəzarət və tənzimləmə qaydaları nəzərdə tutulur. Bu da layihəyə mühafizəkar yanaşmanın əsas götürüldüyünü göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə