"Onlayn satış edənlər artıq qeydiyyatdan keçməli və vergi ödəməlidirlər" - AYDINLIQ GƏTİRİLDİ
"Hazırda elektron ticarət çox sürətlə inkişaf edir. İnsanlar artıq mağazaya getməkdənsə, məhsulları internet üzərindən alırlar. Bu sahənin böyüməsində informasiya texnologiyalarının (İT) böyük rolu var". Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib.
Onun sözlərinə görə, satışlar üçün xüsusi onlayn saytlar (məsələn, Trendyol, Amazon) və sosial şəbəkələrdən istifadə olunur: "Ödənişlər bank kartı, mobil tətbiqlər və digər rəqəmsal yollarla aparılır. Dövlət orqanları bu satışları izləmək və vergi toplamaq üçün elektron sistemlər yaradır (e-qaimə, e-vergi sistemləri və s.).
Bütün bu sistemlərin işləməsi üçün güclü İT infrastrukturu lazımdır – yəni serverlər, təhlükəsizlik sistemləri, proqram təminatları və s.
Onlayn satış edənlər artıq qeydiyyatdan keçməli və vergi ödəməlidirlər. Dövlət bu sahəni nəzarətdə saxlamaq üçün elektron sistemlər qurur. Bu sistemlər sayəsində satışlar avtomatik olaraq vergi orqanlarına ötürülür və uçot aparılır.
Bəs bu sahədə gələcəkdə nə gözlənilir?
Blokçeyn texnologiyası – Alqı-satqı əməliyyatları daha şəffaf və saxtakarlıqdan uzaq olacaq. Süni intellekt – Müştərilərə uyğun təkliflər veriləcək və vergi sistemləri ağıllı şəkildə idarə olunacaq.
- Bütün satış kanallarının birləşməsi – Fiziki mağazalar və onlayn satış bir sistem üzərindən idarə olunacaq.
-Avtomatik vergi hesabatı – Satış etdikcə vergi avtomatik hesablanacaq və göndəriləcək
- Bulud texnologiyaları – Bütün məlumatlar internetdə təhlükəsiz şəkildə saxlanacaq və istənilən yerdən istifadə olunacaq.
Nəticə olaraq deyə bilərik ki, Elektron ticarət həm alıcılar, həm də satıcılar üçün rahatlıq yaradır. Eyni zamanda dövlət bu sahəni nəzarətdə saxlamaq üçün vergi sistemlərini rəqəmsallaşdırır. Gələcəkdə bu sahə daha ağıllı, şəffaf və təhlükəsiz olacaq. Bütün bu inkişafların arxasında isə güclü İT texnologiyaları dayanır" - deyə mütəxəssis əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə