Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 milyard kubmetrə çatıb. SİA bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) qaz kəməri vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib.
Bildirilib ki, Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazın Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin son komponenti olan Transadriatik qaz kəməri 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilib. 878 km uzunluğunda olan qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Aİ arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə minimum 16 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə