IOTA-nın Bakıda keçirilən 29-cu Baş Assambleyası işini başa çatdırıb - FOTOLAR

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyasının texniki sessiyası başa çatıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

“Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda keçirilən Assembleyanın texniki sessiyasında innovativ idarəetmə yanaşmaları, rəqəmsal texnologiyaların tətbiqi və çevik vergi inzibatçılığı üzrə qabaqcıl beynəlxalq təcrübələr təqdim edilib.

İştirakçılar “İstifadəçi mərkəzli yanaşma”, “Çevik metodologiyanın tətbiqi” və “Vergi əməliyyatlarında dizayn düşüncə üsulu” mövzularında keçirilən tematik bölmələrdə vergi administrasiyalarının konkret təcrübə və təşəbbüsləri ilə tanış olublar. Azərbaycan, Polşa, Latviya, Türkiyə, Yunanıstan, Böyük Britaniya və digər ölkələrin nümayəndələri təqdimatlarla çıxış edərək, istifadəçi ehtiyaclarına uyğunlaşdırılmış xidmətlər, çevik yanaşmaların praktiki tətbiqi və dizayn əsaslı vergi islahatları haqqında məlumat veriblər.

Plenar müzakirələr zamanı texniki sessiyaların nəticələri ümumiləşdirilib və paralel bölmələr üzrə əsas nəticələr diskussiya formatında təqdim olunub.

Bağlanış mərasimində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iştirakçılara təşəkkür edib, müzakirələrin təşkilata və üzv ölkələrə verdiyi töhfələri vurğulayıb. O,
qeyd edib ki, Assembleyada keçirilən müzakirələrdə davamlı irəliləyiş üçün çevik strategiyaların hazırlanması, liderlik və insan kapitalının inkişafı, vergi idarələrinin idarəetmə modellərinin transformasiyası ilə bağlı konkret nümunələr və yanaşmalar nümayiş olunub. Paralel sessiyalarda istifadəçi mərkəzli xidmətlərin dizaynı, “Agile” və “Design Thinking” kimi yanaşmaların tətbiqinə qədər geniş təcrübə mübadiləsi aparılıb ki, bu təcrübələr IOTA çərçivəsində gələcək əməkdaşlıq üçün çox dəyərli əsasdır.

Bütün xəbərlər Facebook səhifəmizdə