Vitrinlərdə başqa qiymət, kassada isə başqa qiymət - NƏ ETMƏLİ? - EKSPERT ŞƏRH ETDİ
"Vitrində başqa qiymət, kassada isə başqa qiymətlərlə bağlı onu deyə bilərəm ki, bu iki faktor üzrə həyata keçirilir. Marketlərdə piştaxtalara qoyulan məhsullarda inflyasiya o qədər yüksək olur ki, məsələn bu gün gələn hər hansısa partiya malla, bir həftə sonra gələn partiya mal arasında, onun maya dəyəri arasında olan fərqlərə görə yekun qiymət tənzimlənməsi olduğuna görə qiymət artım müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, marketlərdə olan qiymət dəyişikliyinin digər bir səbəbi də ondan ibarətdir ki, xaricdən gələn məhsullara misal olaraq Belarusiyadan 1 həftə öncə idxal olunan kərə yağı ilə, 1 həftə sonra idxal olunan kərə yağının arasında azda olsa qiymət fərqi olur: "Bu son bir neçə ildə intensiv olaraq, yəni Azərbaycanda inflyasiyanın nəticəsində yaranmış vəziyyətdir. Son bir neçə ildə artıq biz şahidi oluruq ki, Azərbaycan cüt rəqəmli inflyasiyaya gəlib çatıb. Onu da qeyd etmək istəyirəm ki, bir çox hallarda vitrinlərdə olan qiymətləri market işçiləri dəyişməyə vaxt tapmırlar və buna maraqları da olmur. Çünki istehlakçılar buna çox fikir vermirlər. Sadəcə son dövrlərdə artıq bu xroniki hal aldığına görə, insanlar aldıqları malların qiymətlərinə fikr verməyə başlayıblar.
Bəyəndiyimiz, keyfiyyətinə arxalandığımız hansısa bir məhsulu götürüb kassaya yaxınlaşdığımızda görürük ki, qiymət fərqi olur. Amma indi inflyasiya o həddə çatıb ki, bir sıra məsələlər də xroniki hal almağa başlayıb. Digər bir səbəb də ondan ibarətdir ki, marketlərdə qiymət artımı edərək bu haldan sui-istifadə etmək istəyənlər də var. Belə hallarda market sahibləri vətəndaşların düşdüyü bu vəziyyətdən sui-istifadə edirlər və çalışırlar ki, bu məsələyə don geyindirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə