Azərbaycan 10-cu Qara Dəniz Turizm Forumunda təmsil olunub FOTOLAR

Azərbaycanın turizm potensialı və mədəniyyətinin Bolqarıstanda təbliğinin davamı olaraq Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatası tərəfindən cari ilin 27-29 sentyabr tarixində Bolqarıstanın Varna şəhərində təşkil olunmuş 10-cü Qara Dəniz Turizm Forumunda Bolqarıstanın 16 bələdiyyəsi və bir sıra xarici ölkələrlə yanaşı Azərbaycan da təmsil olunub. SİA-nın məlumatına görə, “Yerli mənsubiyyət və qlobal turizm” adı altında baş tutmuş bu forumda Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı haqqında təqdimat keçirilmiş və forum çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan milli stendlə təmsil olunub. SİA-nın məlumatına görə, təqdimat zamanı Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, keçirilmiş mötəbər beynəlxalq tədbirlər haqqında bəhs edilmiş, ölkəmizin turizm infrastrukturu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə tədbir iştirakçılarına məlumat verilib. Milli stenddə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunmuş, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Ölkə stendində həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib.

Sözügedən tədbirin açılışında iştirak edən Bolqarıstan Respublikasının turizm nazirinin müavini Milko Teofilov və Varna merinin müavini Kosta Bazitov Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb. Tədbirin sonunda Forumda fəal iştiraka görə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi diplomla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə